Astarada çəltik biçininə başlanılıb  

Astara rayonunda 10 gündür çəltik yığımına başlanılıb.

“Regionpress.az” xəbər verir ki, rayon ərazisində bu əkilən 290 hektar çəltik əkini sahəsinin 46 hektarında biçini başa çatdırılıb. Bu günə kimi 10 tondan çox çəltik emal olunub.

Astara Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, sahələrdən məhsuldarlı düyünün növlərinə görə dəyişir: “Haşimi növü üzrə məhsuldarlıq bir az aşağı olsa da, digər növlər üzrə qara düyüdür, topal düyüdür, yumru düyülər üzrə gilanədir, avanqarddır, apolladır bunlarda məhsuldarlıq yüksəkdir. Rayon üzrə orta məhsuldarlıq 40,5 sentner təşkil edir”.

Bu gün astaralı fermerləri kombayn çatışmazlığı, eləcə də növbəti il üçün sertifikatlı toxumun olmaması narahat edir. Fermer Mircəlal Musayev deyib ki, 30 sot çəltik əkmişəm: “Bizə texnika cəhətdən köməklik lazımdır. Yəni yeri sürmək, çəltik yığmaq üçün texnika, kombayn. Hazırda bizə verilən taxıl, noxud, lərgə, qarğıdalı kombaynlarıdır”.

Fermer Arif Mehdiyev onlara məxsuz haşimi düyüsü sahəsində biçin aparıldığını deyir: “Yağışlar bizi bir az gecikdirib.Torpaqlarımız bir az palçıqlı olduğundan texnika normal hərəkət edə bilmir. Əsasən toxum İrandan gəlməlidir, yol bağlıdır. Toxumu ordan gətirə bilsək bizim üçün lap yaxşı olar. Bizim toxumlarımız çox zəifdir”.

Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Etibar Abbasov tərəfindən kombayn və toxumluq çatımamazlığına münasibət bildirilib.

O, qeyd edib ki, rayona gətirilən kombaynlar çəltiyin hektarını 350 – 500 manat arasında biçir, bu da bəzi fermerləri narazı salır. Onlar özəl kombaynlar olduğu üçün qiymətlərə müdaxilə etmək mümkün olmur. Çəltik yığımı üçün Səncərədi inzibati dairəsi üzrə 5, Kakalos inzibati dairəsi üzrə isə 2 kombayn cəlb olunub. Toxumla bağlı isə, respublikada sertifikatlı toxuma olan tələbat tam ödənilmədiyinə görə fermerlər özlərinin istehsal etdikləri çəltik toxumlarından istifadə ediblər. Bu da məhsuldarlığa da təsir göstərir”.

Qeyd edək ki, bu il Astara rayonu üzrə 290 hektar sahədə çəltik əkini aparılıb. Əsasən haşimi, sədri, tarım, vesta, 220 və digər toxumlar əkilib. Qiymətlər isə yumru düyülər 2 – 2,5 manat, digər düyülər isə 5 manatdan – 6 manata kimi dəyişir.

Related posts