Dinləyici tapa bilməyən qürbət şairi

Biləsuvar ədəbi mühiti haqqında söhbət edərkən ötən yüzilliyin doxsanıncı illərində buradakı toplantılar yadıma düşdü. Mənə maraqlı görünən ədəbi yığıncaqlarda qadın yazarların fəallıq göstərməsi idi.

Lətifə Qəmli, Zülfiyyə Quliyeva, Əfsanə Haqverdiyeva, Gülnaz Qocayeva, Tamaşa Biləsuvarlı, Aynurə İsmayılova, Pərvanə Rasimqızı, Alimə Sucayeva, Fidan Səda, İradə Biləsuvarlı, Şəfa Sadıqova, Mətanət Poladlı, Şəlalə Xankişiyeva, Zeynəb Elqızı, Gülşən Abbasova, Şəhrəbanu Səma və başqaları həm “Biləsuvar töhfələri”, həm də “Səməndər” ədəbi birliklərinin şeir məclislərində müntəzəm iştirak edir, yeni yazdıqlarını oxuyurdular.

Ədəbi müzakirələr qızğın keçirdi, bəyənilən şeirlər toplularda işıq üzü görürdü. Bu yığıncaqlara Əfsanə Haqverdiyeva (Əliyeva) da gəlirdi. Əfsanə haqqında mənə onun bacısı Kəbutər Haqverdi danışmışdı. O zaman poeziyada kövrək addımlarını atan Əfsanənin şeirlərinə sonralar heç yerdə rast gəlmədim. Halbuki, bu qızda, gənc olmasına baxmayaraq, şeirin kədərli notlarını titrətmək məharəti vardı. Hətta şeirlərindən biri “Götürün dərdlərimdən” adlanırdı. Müəllifi tanımayan oxucu onun şeirini oxuyanda elə bilir ki, zəngin həyat təcrübəsi olan, müdrik, dünyagörmüş bir insanın kədərli yaşantılarına şərik olur:

Xoşbəxtliyə gedən zirvənin yolu
Bilməzdim bu qədər uzaqda imiş.
Boynuma dolandı kədərin qolu,
Demə, dərdli günüm qabaqda imiş.

Dəfn etdim qəlbimdə köçkün hissimi,
Yandı bağrım başı, yandı kül oldu.
Mən kimi günahkar bilim, eh, kimi,
Arzularım ürəyimdə boğuldu.

İlahi, bəs nədir mənim günahım?
Nədən çəkdin belə sınağa məni.
Göyləri yandırar harayım, ahım,
Götür dərdlərimdən uzağa məni.

Götür, yalvarıram, götür torpağa,
Daha taleyimlə barışmıram mən.
Bütün dərdlərimi mən yığa-yığa
Onunla baş-başa yaşayıram mən.

Hardan idi bu kədər Əfsanədə? Gənc qızı şeirin qəm fəlsəfəsinə sürükləyən nə idi belə? İndi ailə həyatı qurub, ölkədən çox-çox uzaqlarda yaşayan Əfsanə Haqverdiyeva oralarda şeirini oxumağa adam tapmır. Rusiyada, Krasnoyar vilayətinin Kansk şəhərində darıxdırıcı həyat keçirən Əfsanə deyir ki, buradakı həmyerlilərimizi yalnız dolanışıq düşündürür, onların şeirə sərf etməyə, sadəcə, vaxtları yoxdur. Maraqlıdır ki, Əfsanənin böyük bacısı Kəbutər Haqverdinin də qismətinə qürbət yazılıb. Gözəl qələm sahibi olan, publisistikası ilə pərəstişkarlarını heyrətləndirə bilən Kəbutər xanım Türkiyənin İstanbul şəhərində yaşayır. Tale bacıları bir-birindən çox uzaq salıb.
Əfsanənin məhəbbət şeirləri də kədərlidir, qəmlidir, düşündürücüdür:

Tanıya bilmirəm özümü, gülüm,
Sevinc tilsimini sındırmısan sən.
Qəlbimdə çatdığın odu, alovu,
Həsrət küləyiylə söndürmüsən sən.

Gəlişin nə gözəl toy-bayram oldu,
Gedişin, of… hüzn, qəlbimdə kədər.
Sənsiz taleyimin günəşi soldu,
Sənlə keçirdiyim o günlər hədər!

Geriyə boylana bilmirəm, neynim,
Gəlinlik paltarım əynimdə qalıb.
Ay mənim talesiz qismətim, Qeysim,
Sənsiz yaşamağım mənə zülm olub.

Təəssüf ki, Biləsuvarda tikinti-quruculuq işlərinin gücləndiyi, abadlığa diqqətin artdığı bir zamanda ədəbiyyata, sənətə maraq azalıb, indi burada doxsanıncı illərdəki ədəbi qaynarlığın yalnız ədəbi toplulardakı izləri qalıb. Əlli-altmışıncı illərdə bu rayonda güclü aşıq ənənəsi yaşanıb. Həsən Sevdalının yaratdığı ədəbi aura, Aşıq Əlifağa Əmioğlunun söz sənəti, Aşıq Alxan, Aşıq Əzizağa və digərləri Biləsuvarı yaxşı mənada dilə-dişə salmışdılar. Doxsanıncı illərdə Muxtar Əhməd İsmayıloğlunun “Biləsuvar töhfələri” və Namiq Yanarın “Səməndər”i bölgə yazarları üçün xeyli iş gördü. Elə indinin özündə də bölgədə ədəbiyyata meydan oxuyan qələm sahibləri yaşayır. Biləsuvar ədəbi mühiti özünü “Region PRESS” kimi qəzetin səhifələrində göstərir. Necə deyərlər, buna da şükür! Sağ olsun Surxay Şahbazov, Sağ olsun Samir Qurbanov!.

Çoxdan doğma diyardan uzaq düşmüş Əfsanə Haqverdiyeva qürbətdə vətən həsrətli şeirlər yazır. Bu şeirlərdəki kədərin üstünlüyünün bir səbəbi də onun dünyadan vaxtsız köçmüş qardaşı ilə bağlıdır. Əfsanə gəncliyində yazdığı bütün şeirlərini köçəköçdə itirib. Onun son vaxtlarda qələmə aldığı şeirlərdə bütün itirilənlərin nisgili yaşayır:
Tale

Bu nə tale, bu nə bəxtdi,
Sözüm dinlə, yazı yazan
De, yazanda niyə əsdi
Əlin belə, yazı yazan?

Cəkdin ömür yollarımı,
Sən cızdığın yolla getdim.
Zəncirlədin qollarımı,
Yaxınımı uzaq etdin.

Öz yazdığına ağladın,
Gözəl yasların üzümdədi…
Göz yasların üzümdədi,
Niyə canın üzülmədi?

Pozacağam hər nə ki var,
Yazdığını siləcəyəm!
Cağırın dəli ozanı
Dərdlərimi deyəcəyəm…

Əlvida

Haqqınızı halal edin,
Çəkilin yolumdan gedin.
Sanmayın ki, sözdü dedim,
Köçüb gedirəm, əlvida.

Ağlamayın ölsəm belə,
Gətirməyin məni dilə.
Xatırlarsız sevgi ilə
Köçüb gedirəm, əlvida.

Düz demədi dünya mənlə,
Barışmadım bu aləmlə.
Bu can, bu ruhsuz bədənlə
Köçüb gedirəm, əlvida.

Dünya

Düsdü gözümdən bu dünya,
Görəmmədim daha röya.
Gecələr dərdimi aya
Danışdım, o da dinmədi…

Əsdi xəfif-xəfif külək,
Pıçıldadı, bəsdir görək,
Dərd senindi, biz neyləyək?!
Gözümdə yaşım inlədi…

Bu mən, bu sənin ilqarın,
Puça döndü etibarın.
Sorum ki, vəfasız yarım,
Ömür-günümü neylədin?..

Xatirələr

Gör bir neçə vaxtdı görüşmürük biz,
Xatirələr bizdən uzaq düşübdü.
Baş götürüb hara getdi ömrümüz?
İllərin üstünə sazaq düşübdü.

Bir sevgi yasadıq dünyaya sığmaz,
Sevinci sən aldın, qəm mənə qaldı,
Daha ürəyimi heç nə ovutmaz,
Bir də sevinməyim ölənə qaldi…

“Düzü inanmırdım ki, kiminsə yadında qalam” deyən Əfsanə Haqverdiyeva özünü təzə yeriməyi öyrənən uşağa bənzədir. Çox vaxt yazdıqlarını heç kimə oxumadan özündə saxlayır. “Çox vaxt” deyilən müddətin ömrü isə nə az-nə çox, on ildir. Necə deyərlər, Əfsanə şeirini söyləməyə dinləyici tapa bilməyən qürbət şairidir. Bu barədə danışmaq asandır, amma belə bir ömrü yaşamaq olduqca ağrılıdır…

Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru

Related posts