Onun mənalı ömür yoluna nəzər saldıqda, bütün fəaliyyətində cəmiyyətçün faydalı olmasına, hər zaman yenilikçi və fədəkar əməyinə şahid olursan. Yarım əsrə bərabər olan bir tarixdə doğma rayonunun Mədəniyyət sahəsindən söhbət düşəndə, daha çox xatırlanan bu insanın həyat yolu bir daha deməyə əsas verir ki, o, peşəsi üçün doğulub.
Yeniyetmə yaşlarından incəsənətə, musiqiyə böyük həvəs göstərən Zülfüqar Əliyev bu sahədə ilk təhsilini tar məktəbində alıb. 1969-cu ildə 19 yaşlı gənc Bakı Mədəni Maarif Texnikomunda təhsil aldığı müddətdə ilk əmək fəaliyyətinə Biləsuvar rayon (keçmiş Puşkin) Mədəniyyət evində kitabxanaçı vəzifəsi ilə başlayıb. 1969-1971 ci illərdə hərbi xidmətini başa vuran Z.Əliyev bir müddət əvvəlki işində çalışır. Daha sonra ali təhsil almaq üçün yenidən Bakıya üz tutub və Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Mədəni maarif işçisi, özfəaliyyət teatr kollektivi rəhbəri” ixtisasına yiyələnir. Tələbəlik illərində Azərbaycanın tanınmış simaları Xalq artistiləri: Rasim Balayev, Telman Adıgözəlov, Ramiz Novruzov, Kubra Əliyeva, Gülşən Qurbanova və sair incəsənət xadimləri ilə eyni audiotoriyanı, səhnəni, film meydancasını bölüşüb.
Ömrünün düz 44 ilini mədəniyyətə, incəsənət həsr edən şair qəlbli ziyalı Zülfüqar Əliyev sakini olduğu rayonda bu sahədə ilk ali təhsil alanlardan olub. Onun xüsusi bacarığı, səriştəsi çox gənckən, hələ 21 yaşında olarkən Biləsuvar Rayon Mədəniyyət Evinə ( indiki mədəniyyət mərkəzi) rəhbərlik etməyə imkan verib. 1971-ci ilə təsaadüf edən bu təyinatından sonra rayonda mədəni sahədə xüsusi canlanma duyulub. İncəsənət sahəsində təhsilli gənclər az olduğundan o, istedadlı gənclərin arayıb üzə çıxarıb, keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilinə nail olub. Onun öz peşəsinə sonsuz sevgisi, ruhən bağlılığı, gərgin və məqsədyönümlü fəaliyyəti gəncləri bu sahədə təhsil almağa həvəsləndirib. Məhz bu dövrdə incəsənətə xüsusi marağı olan gənclərin sayının durmadan çoxalması rayonda dövlət tərəfindən zamanında möhtəşəmliyi ilə seçilən mədəniyyət evinin tikilməsinə gətirib çıxardı. Bundan sonra mədəniyyət ocağında daha böyük tədbirlər keçirilməyə başladı. Xalq artistlərinin, xanəndələrin, müxtəlif dram teatrlarının vaxtaşırı çıxışlarının sayı günü- gündən artdı.
Biləsuvar Rayon Mədəniyyət Mərkəzində 26 illik fəaliyyətindən sonra Zülfüqar müəllim Biləsuvar Rayon Dövlət Rəsm Qalereyasına rəhbərlik edib.
Ötən illərə nəzər salsaq Zülfüqar müəllimin gərgin səyləri sayəsində mədəniyyət sahəsində çoxşaxəli yeniliklərlə tanış olarıq. 1986-cı ildə təşkil etdiyi “Şəhriyar” və “Muğan” estrada ansanbılları bir çox televiziya proqramlarında və dövlət tədbirlərində uğurlu çıxışları ilə yadda qalıb. 1987- ci ildə rayonda ilk folklor rəqs qrupu yaradılıb. 1989 – cu il 10 noyabrda Biləsuvarda ilk dram teatrının əsası qoyuldu. Uzun illər rayon ərazisində keçirilən tədbirlərdən topladığı qədim dövrlərə aid tarixi eksponatlarları Biləsuvar Rayon Tarix Diyarşunaslıq Muzeyinə bağışlamaqla muzey fondunun zənginləşməsinə böyük dəstək vermişdir. Biləsuvar rayonunun 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidləri haqqında kitabın ərsəyə gəlməsində yaxından iştirak edib.
O, mədəniyyət sahəsində göstərdiyi davamlı xidmətlərinə, həmçinin beynəlxalq tədbirlərdə və sərgilərdə fəal iştiraka görə müxtəlif təltiflərə layiq görülüb. Ömrünü mədəniyyət və incəsənətə həsr edən şair qəlbli veteran mədəniyyət işçisi təqaüdə çıxdıqdan sonra da öz fəaliyyətini bu sahədə davam etdirib. Respublikada, habelə ölkədən kənarda keçirilən müxtəlif tədbirlərdə, el şənliklərində təşkilatçı və aparıcı kimi çalışmışdır. 3 oğul, 1 qız atası olan Zülfüqar müəllim övladlarını layiqli vətəndaş kimi tərbiyə etməyi bacarıb.
Qeyd edək ki, Əliyev Zülfüqar Nadir oğlu 1950 ci ilin 24 martında Biləsuvarın Təzəkənd kəndində dünyaya göz açıb. O, ötən ay-sentyabrın 13-də, ömrünün 73-cü baharında haqq dünyasına qovuşub.
Allah rəhmət eləsin!
Surxay Şahbazov