O, hazırda çalışdığı sənətinə uşaq yaşlarından sahiblənib. Sənətkar ailəsində dünyaya göz açması artıq gənc yaşlarında çilingərlik sənətini mükəmməl öyrənməyə, müstəqil şəkildə çalışmağa imkan verib. Bu peşəyə olan sonsuz sevgisi onu qısa zamanda əsl sənətkar kimi şöhrətləndirib.
Cəlilabadın mərkəzində, 20 yanvar küçəsində yerləşən maşın təmiri sexində sürücülərə səmərəli xidmət göstərən Nəsimi Seydanov (Saday oğlu) istər Avropa, istərsə Rusiya istehasalı avtomobillərin təmirini yüksək bacarıqla həyata keçirir. Maşınların mühərriki, sürət qutusu, itərsə də detallarının təmirində bacarmadığı bir iş yoxdur Nəsimi ustanın. Bu gün bacarıqlı ustanın sorağı ilə qonşu rayonlardan gələn müştərilər də çoxdur.
Sənətinin vurğunudur Nəsimi usta. Deyir ki, üzərimə götürdüyüm hər br işə canla-başla yanaşmağa çalışıram: “Axı müştərilər bizə etibar edir, pul xərcləyirlərsə, niyə faydasını görməsin. Bəzən olur, “birtəhər et düzəlsin” deyən müştəriləri başa salmağa çalışıram ki, qısamüddətli təmir yenidən səni daha çox xərcə salacaq”.
46 yaşlı N.Seydanov həm də gözəl ailə başçısıdır. O, tərbiyə etdiyi 3 oğul övladını layiqli vətəndaşlar kimi böyüdüb. Böyük oğlu Tibb Univeristetini başa vuraraq rayon xəstəxanasında çalışır. Digər iki oğul övladları atalarının peşəsinə marqlıdırlar və ona yaxından köməkçidirlər.