Sumqayıt Dövlət Universitetində Məzun Assosiasiyası təsis olundu

Sumqayıt Dövlət Universitetində Məzun Assosiasiyasının təsis yığıncağı keçirildi.
Regionpress.az” xəbər verir ki, assosiasiyasının təsis yığıncağı univeristeti müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb.
Tədbirdə  universitetin rektoru, dosent Rüfət Əzizov çıxış edərək, Məzun Assosiasiyasının təsis olunması barədə məzunların təşəbbüsünü təqdir edərək onları bu münasibətlə təbrik etdi. O, universitetdə həyata keçirilən layihələr, məzmun və keyfiyyət göstəriciləri baxımından həyata keçirilən işlər, həmçinin qarşıda duran hədəflər barədə məlumat verdi.
Məzun Assosiasiyasının yaradılmasının əhəmiyyətindən danışan  R. Əzizov qeyd etdi ki, məzunların bir araya gələrək şəbəkələşməsi, peşəkar bağlantılarının qurulması, sektor məlumatlarının və təcrübələrinin paylaşılması baxımından Məzunlar Assosiasiyası dəstək rolunu oynaya bilər: “SDU-nun məzunları Azərbaycanın ictimai-siyasi həyatında öz töhfələrini verirlər”.
SDU-nun fəxri məzunu, prezident təltifçisi, kiçik dövlət müşaviri, Xızı rayonu üzrə Maliyyə idarəsinin rəisi və Milli Məclisin eksperti İndira Şəmsivari və Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, Dövlət qulluğunun kiçik müşaviri Xalid Əsədova verildi. Məzunlar çıxışlarında doğma universitetlərində Məzun Assosiasiyasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirdiklərini qeyd edərək Assosiasiyanın fəaliyyətinə töhfə verməyə hazır olduqlarını bildirdilər.
Tədbirdə Məzun Assosiasiyasının yaradılması, məqsədləri və fəaliyyəti barədə Karyera və Məzunlarla İş mərkəzinin direktoru Nəsibə Əmirbəyova təqdimatla çıxış etdi. O, məzunlarla bağlı Mərkəzin bir il ərzində həyata keçirdiyi fəaliyyətlər barədə görüş iştirakçılarına ətraflı məlumat verdi. Sumqayıt Dövlət Universitetinin tanıtım videoçarxı nümayiş olundu. Assosiasiyanın İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinin seçilməsi, Məzunlar Assosiasiyasının Əsasnaməsinin təsdiqlənməsinin açıqlanması, Məzunlar Assosiasiyasının universitet rəhbərliyinə müraciəti barədə Karyera və Məzunlarla İş mərkəzinin mütəxəssisi Ülkər Vəlizadə məlumat verdi. Daha sonra Məzunlar Assosiasiyasının İdarə heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinin gizli səsvermə yolu ilə seçilməsinə başlanıldı.
Tədbir bədii hissə ilə davam etdi. Məzunlar Assosiasiyasının İdarə heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinin seçilməsi üçün keçirilən səsvermənin nəticələri barədə Hesablama Komissiyasının sədri Muxtar Səmədov çıxış edərək nəticələri elan etdi. O, üzvlüyə seçilmiş məzunları təbrik edərək fəaliyyətlərində uğurlar arzu etdi. Sonunda məzunlar çay fasiləsində bir araya gələrək müzakirələr apardılar.

 

Related posts