Şəhidin doğum günündə Xatirə bulağının  açılışı oldu

Vətən müharibəsi şəhidi Kamran Yaşar oğlu İsgəndərlinin xatirəsinə inşa edilmiş Xatirə bulağının da açılışı olub.

“Regionpress.az”  xəbər verir ki, şəhidin doğum günü münasibətilə keçirilən tədbirdə Cəlilabad rayonunun rəsmiləri, şəhid ataları, şəhid anaları və ictimai fəallarla yanaşı rayon Veteranlar Təşkilatının üzvləri də iştirak ediblər.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, şəhid atası Nizami Həbibi, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, təhsil aldığı şəhər 1 saylı məktəbin direktoru Füzuli Quliyev, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, “Gənc Qarabağ qaziləri” İctimai birliyinin rəhbəri Vüsal Muradlı, Azərbaycan Yazıçılar Birliyinin üzvləri: Meyxoş Abdullah, Ruhiyyə Abbaszadə, İman Abdulla və başqaları çıxış edərək şəhidlərimizin əziz xatirəsini həmişə uca tutduqlarını bildiriblər və onların adlarının əbədiləşdirilməsi üçün belə xeyirxah işlərin görülməsinin vacibliyini xüsusi vurğulayıblar.

Şəhid anası Azadə Füzuli şəhid Kamran İsgəndərliyə həsr etdiyi şerini oxuyub. Balaca məktəblilər isə vətənpərvərlik ruhunda olan şeirlər ifa ediblər.

Şəhidin atası Yaşar İsgəndərli öz çıxışında şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, İsgəndərli Kamran Yaşar oğlu 1997-ci il iyunun 29-da Cəlilabad rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Kamran İsgəndərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Kamran 21 oktyabr 2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. K.İsgəndərli döyüşlərdə göstərdiyi şücayətlərə görə ölümündən sonra ölkə Başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarıyla təltif edilib.

 

Related posts

Leave a Comment