Dünyada bir çox təşkilatlanmalar gücə çevrilmək və böyük insan kütləsinə təsir etmək üçün müxtəlif üsullardan istifadə edir. Güc olmaq insanyönümlü, faydalılığa xidmət edirsə bu kökündən mütləq dəyərli olacaq. Axı, müxtəlif ideologiyalar əvvəlcə müəyyən dəyər formalaşdıraraq böyüyür.
Bir çox ölkələrin təhsil islahatlarının uğuru dövlətin birbaşa düzgün islahatları sayəsində baş tutub. Amma islahat təkcə hər hansı bir proqramı həyata keçirtmək demək deyil, bu proqramların uğuru uğurlu kadr seçimi, kadrların səmimi fədakarlığı ilə uzlaşmalıdır.
Təhsil işi səmimi fədakarlıq tələb edir, sən hər hansı təklifi edəndə şagird olmalısan, özünü müəllim kimi hiss etməlisən, ölkənin müxtəlif regionlarını tanımalısan, kəndi, kənd məktəbini, şəhəri, şəhər məktəbini hiss etməlisən. İş gördüyün hədəf qrupu sənə güvənməlidir, güvən yaratmalısan, empati qurmalısan.Və ən əsası NÜMUNƏ!
Təhsil haqqında, öyrətmə texnikaları, metodları barədə minlərlı elmi araşdırmalar, məqalələr mövcuddur. Amma bir yöntəm hər zaman aktualdır. Bunun adı nümunədir, örnəkdir. “Peşə təmayüllü siniflər”(PTS) layihəsi ölkədə əsl komanda işinin qarşılıqlı hörmət, empati, bir-birindən faydalanma, verdiyin faydanın bəhrəsini görmə, bacarıqların kəşf edilməsi üzərində qurulmuş yeni təhsil yanaşmasıdır.
PTS – layihəsi şagirdə yönəlik, onun əmək bazarına hazırlanmasına dəstək verən layihədir. Bununla bərabər biz öyrədənlərin də öyrənməsinə, onların da inkişafına vəsilə ola bilirik. Layihənin gələcəyi haqqında dəqiq bir fikrim olmasa da bizim böyük insan kütləsinə toxunduğumuzu dəqiq bilmək olar.
Biz gündəlik həyatda rastlaşdığımız santexniki, mebel ustasını, dülgəri və digər sənət sahiblərini sinif otağında öyrədən edə bildik. O insanlara şans verdik özlərini qihmətləndirsinlər, inkişaf etdirsinlər. Məktəblərdə müxtəlif ixtisaslardan dərs verən adamları biz öz sexlərindən, emalatxanalarından ayırıb şagird yetişdirməyə təşviq etdik. Aralarında bir çoxu bizim verdiyimiz saat hesabı məbləğə görə yox, sadəcə ona müəllim öyrədən kimi yanaşmaya görə bizimlə çalışdı və çalışır. Qrup rəhbərlərimizə, ixtisas müəllimlərimizə müasir təhsilin tələblərindən olan ünsiyyət bacarığını, tənqidi təfəkkürü, yaradıcılıq qabiliyyətini, əməkdaşlıq kimi vacib bacarıqları nümunə olaraq göstərdik, öyrətdik və öyrəndik. Hər zaman ən böyük dərsin nümunə olduğuna inanıram. Nə verirsən onu da alırsan. Qrup rəhbərlərimiz, assistentlər, ixtisas müəllimlərimizlə son illərdə təhsildə ən önəmli layihələrdən olan peşə təmayüllü siniflərin təşkili layihəsinin 4 ilini geridə qoyduq. Diqqətimizi piar işlərindən çox əməli işə, uzaq kənd məktəblərindəki şagirdlərimizin sevincinə, öyrənməsinə həsr etdik.
Əməkdaşlarımızla birlikdı məktəblərdə yeni yanaşmalar ortaya qoyduq, təcrübələrimizi bölüşdük və məncə alındı. Təbriklər PTS ailəsi!.
Yaxşı və pis işlər yoluxucudur, çalışın yaxşı işlərə yoluxun. Qara düşüncələr insanı çürüdür.
Elşən Ədalətli