Arayikin həbs fotosunu görəndən cəmi bir neçə saniyə sonra “Amlovas” ömürlük həyatıma daxil oldu. Beynimdəki zoqqultudan gözlərim torlanır. İş yoldaşlarımdan kimsə “bu, təzyiqdir” deyərək ilkin diaqnoz qoyur. Redaksiyada yaşı 40-dan yuxarı kim varsa, hərə əlini cibinə salıb eyni tərkibli, müxtəlif adlı təzyiq dərmanı çıxarır…
Hardansa təzyiqölçən tapıb gətirirlər. Ölçürlər: 161-110.
– Yuxarıdır, bir stəkan limonlu su.
Adını indi xatırlamadığım daha bir təzyiq dərmanı.
– Qoy, iki tablet içsin.
İçirəm. On beş dəqiqə keçir, ölçürlər: 159-107. Düşmür.
Emin Səfərov böyürdən israr edir:
– Təcili yardım çağıraq. Bir “dibazol” vuracaqlar, sakitləşəcək.
103-ə zəng edirlər. Ad-soyadımı eşidirəm, ünvan.
– Hə, bəli, düzdür. 10 dəqiqəyə həkim gələcək.
Redaksiyanın ortasında dayanmışam. Hiss edirəm ki, uşaqların mənimlə çox da maraqlanmaması öz içimdə mənə toxunub. Səbəbini başa düşməyə çalışıram. Ölkədə böyük hadisə baş verib. Baş separatçı Arayik həbs olunub. Təki belə olsun, düşünüb uşaqları mənə yox, Arayikə diqqət göstərdiklərinə görə bağışlayıram.
Qapı açılır, iki kişi həkim paltarında içəri girib soruşur.
– Hanı xəstə?
44 illik həyatında üstünə bir dəfə “skorıy” çağıralar, onda da “medsestra” yerinə, “medbrat” gələ… Bu düşüncə ilə gülümsəyib “buradayam” deyərək sol qolumu çirmələyib qabağa uzadıram…
Ölçürlər. Düşməyib.
– “Dibazol” vurarıq keçər, ancaq müvəqqəti olacaq. Yaşadıqlarımızın fonunda hələ yaxşı qalxıb. Bu gün neçə çağırışa getmişiksə, hamısı həyəcan-stressdir. Adamlar baş verənləri çatdırıb qavraya bilmir. Ona görə də belə durumlar yaranır.
Tibb qardaşı damarımı axtara-axtara durumuma haqq qazandırmağa çalışır…
Yadıma düşür ki, bir neçə ay əvvəldən artıq ürək həkimim də var və mən ona müraciət edə bilərəm.
Rəşad Mahmudov bəlkə də dünyada mənim tanıdığım yeganə ürək həkimidir ki, adamın xəstəliyini aparata salmaqla yox, danışdırmaqla təyin edir.
Bu dəfə də belə olur. Səsimi eşidən kimi özü də kövrəlir və titrək səslə reseptimi diqtə edir:
– Hər səhər acqarına “amlovas” 10 mg. Üç ay atırıq, sonra durumu yenidən təhlil edərik.
Doktor bütün növ təzyiq dərmanlarını əvəz edəcək tövsiyələrini də verir:
– Hamımız nəhəng günlər keçiririk. Son dərəcə həssas dönəmdir. Tariximizdə belə bir hadisə olmayıb. Siz də sakit olun, bizə bu gözəl günləri yaşamaq lazımdır…
Gözlərim dolur. Vətənim gör hansı günləri yaşayır ki, həkim xəstəni təbabətlə yox, tarixlə müalicə edir…
Rəşad doktorun bir neçə günlük də olsa, şəhər kənarına çıxmaq, gərgin iş mühitindən uzaqlaşmaq təklifinə dərhal “hə” deyib yola düşürəm.
Hara gedəcəyimizi belə bilmirik. Sükan arxasında olan dostum deyir ki, gedək Şamaxının qurtaranında Udulu kəndinə, baqajı Udulu narı ilə doldurub qayıdaq, əsl vaxtıdır.
Etiraz etmirəm, təki görməyə yeni yer olsun, şəhərin gurundan uzaqlaşaq.
Yolboyu “dibazol”un təsirindənmi, ya gərginlikdən hər kilometr uzaqlaşmaqdandır, nədirsə göz qapaqlarım yumulur. Ancaq beynim oyaqdır… Lal sükutla düşünürəm. Tibb qardaşının, Rəşad doktorun, durumumu eşidən hamının işlətdiyi sözləri ümumiləşdirirəm.
Bir cümləli qənaət budur: İndi hamımız beləyik, bütün xalq eyni şeyləri hiss edir, hamımız bir-birimizə oxşayırıq…
İlham deyir ki, Çinə növbəti səfərlərinin birində ticarət ortağı olan çinlinin buna diqqətlə baxdığını görüb səbəbini soruşur.
Çinli də qayıdır ki, keçən dəfə də gələn sən özün idin? İlham da özü olduğunu təsdiqləyir və heyrətlə niyə belə sual verdiyini soruşur.
Çinli də qayıdıb nə desə, yaxşıdır?
– Hamınız bir-birinizə oxşayırsınız…
Bu söhbəti eşidəndə necə gülmüşdümsə, indi də eyni reaksiya ilə şaqqanaq çəkirəm. Deməli, bir milyarddan çox, bu hamısı eyni adamı xatırladan çinlilər haqqında nə düşünürmüşüksə, eynisini də bunlar bizə qarşı fikirləşirmiş.
Bu dəfə mən çinlilərin tərəfindəyəm, fiziki mənada oxşarlığımıza görə yox, amma…
Sürücü dostum gülməyimə “Deyəsən, kefin düzəlir” deyib ağaran dişləri ilə qoşulur.
Düşüncələrim məni yenə Çin fəlsəfəsinə götürür. Yadıma Çin-Azərbaycan dialoqundan daha bir epizod düşür.
Bu dəfə çinli jurnalistin Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sualı və ona verilən cavabı xatırlayıram:
Müxbir: Siz turnikdə dartındığınız videonu qoymusunuz. 60 yaşınız tamam olurdu həmin vaxt.
Prezident İlham Əliyev: Bəli.
Müxbir: On beş dəfə. Çox xoş təəssürat bağışladı. Daha çox da edə bilərsiniz?..
Prezident İlham Əliyev: Əvvəllər çox edirdim. Sadəcə, indi birinci dəfə göstərdim. Gənc olduğum zaman bunu heç zaman göstərmirdim, çünki gənc insan üçün bunu çox etmək təbii haldır. Nəyə görə bunu göstərdim? İstəyirəm ki, gənc nəsil eynən bu cür etsin. Demək istəyirəm ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan. Mənim gənc nəslə ismarışım bu idi. Əgər siz hesab edirsiniz ki, 60 yaşınız var, edə bilməzsiniz, yanılırsınız, bacararsınız. Amma ondan çox dartınmaq, bəlkə də, bacararam. Lakin bu, o qədər cəlbedici olmaz.
Təkcə bir cümlə ilə ifadə etsək, bu gün dünyada elə bir siyasi lider, Prezident tapmaq çətindir ki, 60 yaşında turnikdə 15 dəfə çəkinə bilsin. Nəzərə alsaq ki, bu sualı verən jurnalist də dünyanın bir çox mənalarda nəhəng ölkələrindən birini təmsil edir və bu mənada onun da Azərbaycan Prezidentinin sağlam və güclü orqanizmə sahib olmasına işarə vurması təsadüfi deyil.
Daha bir dünyanın uzaq qütbündən olan mütəxəssisinin Prezident Əliyevlə bağlı fikri yadıma düşür. Bir neçə gün əvvəl 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində yerli və beynəlxalq media nümayəndələrinin iştirakı ilə netvörkinq hissəsinə dəvət almışam.
Yanımda oturan amerikalı qonaq cibindən alışqan ölçüsündə bir metal parçası çıxarıb bizə göstərir.
NASA-da çalışdığını, tez-tez ayın səthində, Marsda olduğunu deyir. Əlindəki metal parçanı da göstərərək Marsın bu parçalarla çox zibilləndiyini deyir. Bu parçalar Ayın səthinə Marsa göndərilən çoxlu peyklərdən qopub tökülübmüş.
Bu dəm kimsə böyürdən Azərbaycanın, qazanılan möhtəşəm qələbənin, onun dünya tərəfindən heyrətlə izlənən boyük oğlu İlham Əliyevin şərəfinə gözəl fikirlər səsləndirir. Bu sözləri ayaqüstə alqışlayarkən kosmosda işləyən bu əcnəbi mütəxəssis Prezidentimizə xitabən qayıdır ki, “Nöqtəni onun kimi qoyarlar”…
Bu sözü eşidən həmkarımla bir-birimizə baxırıq. İkimizin də gözündə bu cümlə yazılıb: “Demək, həqiqəti hətta Marsdakılar da bilir, ancaq onu ifadə etmək üçün yerin həqiqət səthinə düşmək lazım imiş”…
Şamaxının Poladlı kəndində yol itir. Maşını saxlayıb qarşımıza çıxan adamdan Udulu kəndinin yolunu soruşuruq. Yolu göstərmək əvəzinə, ora niyə getdiyimizi soruşur.
Səbəbini biləndə Poladlı həyətlərindəki ucsuz-bucaqsız nar bağlarını göstərib “eyni nardır, uzağa getməyin, nə qədər istəyirsiniz yığıb verək”, – deyir.
Məntiq bizi maşından düşürür. “Onsuz da nar bizə yeməyə lazımdır” deyib yaxınlıqdakı ağacın üstünə daraşırıq.
Qarşımıza çıxan bu kişi hardasa məndən 3-4 yaş böyük olar. Mənim peşəkar nar yemək qabiliyyətimə maraqla baxıb haradan gəlib-hara getdiyimizlə maraqlanır. Kim olduğumuzu, bura necə və niyə gəldiyimizi elə ağzı narlı-narlı sakitcə deyirəm.
Onun bu əsl kəndli marağı dərhal təəccübə və heç cür izah olunmayacaq emosional ifadəsinə çevrilir:
– Mən bu kəndin yeganə tarix müəllimiyəm. 21 ildir məğlubiyyətdən dərs deyirdim. İndi əsl qələbə haqqında dərs keçməliyəm. Başımı itirmişəm, inanın…
Müəllimin sözləri bayaqdan acgözlüklə yediyim narı əlimdən salır. Qıpqırmızı əllərimlə gözümdən nar dənələri kimi səpələnən yaşı silib onu qucaqlayıram…
Həkimin dediyini görməmək üçün hara gedəsən axı? Hara getsən, hamı bir-birinə oxşayır, eyni ilə nar dənələri kimi…
Elbrus Ərud