“Bizim televiziyalar “əyri güzgü”dür” – TANINMIŞ APARICI

Kamran Həsənli: “Televiziyamızın gələcəyi ilə bağlı arzularımızın üstündən xətt çəkdilər”

Uşaqlıqdan verilişlərinə sevə-sevə baxdığım Kamran Həsənlidən müsahibə götürməyi çoxdan istəyirdim. Bu günlərdə dəyərli teleaparıcımızla görüşümüz baş tutdu. Onunla televiziyamızın dünənindən, bu günündən danışdıq və sabahının necə olacağı ilə bağlı fikirlərini öyrəndik. Buyurun, oxuyun.

– Kamran müəllim, uzun müddətdir ki, sizi dövlət və özəl televiziya layihələrində görmürük. Vaxtilə “Sizin saat”, “Musiqili meydan” kimi layihələriniz televiziya meydanında öz sözünü demişdi. Amma o cür layihələrin ardı gəlmədi. Buna səbəb nə idi?

– Açığını deyim ki, mən dövlət televiziyalarında işləməmişəm, özəl şirkətlərdə – “Space”, “ANS” və “ATV”-də işləmişəm. Amma birinci “Space” TV-də işləmişəm. Birinci proqramlarım da “Space” TV-də yayınlanıb. O proqramların çox böyük uğuru, reklam gəliri, olduqca da baxımlılığı var idi. Biz təkcə “Tanrı Türkü, Turançılığı qorusun!” təbliğatı aparmırdıq, ortalığa çıxarılan müğənnilər də, sadə dillə desək, millətimizin zövqünü cilalamaqla, rəndələməklə məşğul idi. İlk dəfə ortalığa çıxardığımız müğənnilər də Azərbaycanın qızıl fondudur. Bizdən sonra verilişlərə çıxan başqa müğənnilərdi, onlar musiqimizə tamamilə yad kəslərdi.

– Bəs siz niyə bu gün kanallarda yoxsunuz?

– Fuad bəy, televiziya rəhbərləri mənə qarşı qadağalar qoyublar. Bir sözlə, “bağbanı bağa buraxmırlar”. Baxmayaraq ki, bütün kanallar “Sizin saat” verilişinin təkrarıdır. Onlar yeni heç nə fikirləşə bilmirlər. “Sizin saat” verilişinin pis variantıdı. Çünki biz heç vaxt baldızın, qayınananın gəlinə elədiyindən, ərin arvada nəsə elədiyindən danışmamışıq. Onlar ailə-məişət problemlərindən qırağa çıxa bilmədiklərindən, o cür proqramlar hazırlayırlar. O cür televiziyalar həmin ailə-məişət əziyyəti çəkən insanlar ilə doludur. Baxsanız, görəcəksiniz ki, elə aparıcılar da, televiziya rəhbərləri də elədir. Ona görə də Kamranın o kanallarda olması mümkün deyil. Söhbət özəl televiziyalardan gedir, dövlət televiziyasında işləməmişəm, heç ora iradım da yoxdur. Mən yalnız özəl şirkətlərdən danışa bilərəm.

Azərbaycan televiziyasında ən senzurada olan, nifrət qazanan söz “intellekt” sözüdür. Əgər siz iclasda oturub desəniz, inellektual veriliş, intellektual şou açmaq istəyirəm, o dəqiqə hamı ayağa qalxacaq ki, camaatımız ona baxmır. Bəsdirin, biz ancaq nənədən, evdə oturan gəlindən danışmalıyıq?! Son dəfə mən “Space” TV-də işləyəndə telekanalın rəhbəri iclasda açıq deyirdi ki, “Kamran bəy, evdə oturan yaşlı qadın var ha…”, əlilə də ətçəkən maşını göstərirdi… Deyirdim ki, ay kişi, o ətçəkən maşın indi yoxdur, hamı elektron ət çəkən maşınla əti çəkir. Siz fırlayan ət çəkən maşınları indi yoxdur. Mənim proqramlarım onlar üçün deyil, axı. Ümumiyyətlə, mənim verilişlərim düşüncəli insanlar üçündür. Ət çəkən qadın da düşünə bilər. Siz niyə düşünürsünüz ki, o, heç nə düşünə bilməz, yalnız qeybəti sevir. Sadəcə, rəhbərlərin özləri qeybət sevirlərdi deyə, indi televiziyamız ona görə bu haldadır. Əlbəttə, mənim kimi qeybət sevməyəni də meydana buraxmazlar.

– Bir şeyi də açıq-aydın görürürük ki, sizdən başqa, çox televiziya mütəxəssisi nədənsə bu işə can atmır, televiziyamızın inkişafı naminə addımlar atılmır…

– Yox, yox, elə deməzdim. Niyə can atılmır? Can atılır. Bir də, bizim kimi televizyonçular, içi mən qarışıq, Nərgiz Cəlilova, Rafiq Haşımov kimi diktorlarımız, neçə-neçə ziyalımız var ki, abırlarına bükülüblər. Var də, bizdə elə xasiyyət var, çəkilib durublar qıraqda. Atalarda belə bir misal var: “Atlar ölüb, itlərin bayramıdır”. Vəssallam. Cavabı budur.

– Müstəqilliyimizin ilk illərində Azərbaycan telekanalları daha çox izlənilir və sürətlə inkişaf edirdi. İndi isə bu sahədə durğunluq yaşanır. Sizcə, Azərbaycanda televiziyaların tənəzzülə uğramasına səbəb nədir?

– Çox əla sualdır, mən sizə deyim. Çünki doğrudanda da bizim televiziyada olduğumuz dövrdə təkcə televiziya deyil, pop musiqisi, rep musiqisi, muğam, sonra teatr, kino da çəkilməyə başlamışdı. Artıq televiziya filmləri də çəkilirdi. Biz qışda televiziya filmi çəkirdik, “Qış nağılı”adlı. Onların hamısı uğur qazanırdı. İnkişaf elə gedirdi ki, bu gün, sabah kino da çəkəcəydik. Yavaş-yavaş istedadalılar ortalığa çıxacaqdı. İdeyalarımızı, gözəl proyektlərimizi bir topa adam məhv elədi. Bir sözlə, televiziyamızın gələcəyi ilə bağlı arzularımızın üstündən xətt çəkdilər. Hansı ki, onlar indi televiziyalarda deyillər.

Millətin Türklük düşüncəsini, azadlıq düşüncəsini, dünyəvilik meyarını məhv eləmək üçün onlar televiziyaya qeyri-peşəkar adamları cəlb etdilər. Televiziyaya rüşvət gəldi. Müğənnidən pul alıb, verilişlərə buraxmaq. Çalışdılar ki, bu millət dünyadan gedən bu proseslərdən uzaq qalsın, öz televiziyasına nifrət eləsin. Bax, görürsünüz də, indi nifrət edirlər. Buna çox gözəl nail oldular. Öz musiqisinə nifrət eləsin… Təəssüf ki, bu belədir.

Biz elə şərait yaratmışdıq ki, axşam hamı “Sizin saat” proqramına qaça-qaça gedirdi. “Musiqili meydan” verilişinə də o cür sevgiylə baxırdılar. Elə biri də siz, mənim verilişlərimin fanatı olmusunuz. Niyə? Çünki o verilişlərdə maraqlı söhbətlər olacaqdı və yeni ulduzlar ortalığa çıxacaqdı. Elə çıxdı da. Eyyub Yaqubov, Qismət, Samir Piriyev, Tünzalə, qarmon ifaçısı Orxan, Hüseyn Dərya və s. hamısı ordan çıxıblar. Amma o dövrdə elə bir məqam yaranmışdı ki, bizim məşhur pop müğənnilərimizin, ulduzlarımızın, yəni Brilliant Dadaşovanın, Aygün Kazımovanın, Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Eyyub Yaqubovun, rəhmətlik Rüfət Mehdiyevin öz fanat orduları var idi. Brilliant xanımın “Dünyanı gözəllik xilas edəcək” adlı öz verilişi var idi. Heç də “Sizin saat”, “Musiqili meydan” verilişindən geri qalmırdı. Məşhur müğənnilər Nisə Qasımova, Elçin Cəlilov, Ruhəngiz Allahverdiyeva kimi müğənnilər verilişlərdə iştirak edirdilər. Sonra elə oldu ki, kanal rəhbərliyi dəyişildi, Kamran Həsənli kimi “Turan!” deyən, bağıran jurnalistlər onlara sərf etmədi. Guya ki, Moskvanın xoşuna gələ bilməzdi. Bu kimi bəhanələr ortalığa çıxdı. Ona görə də xalqı, milləti özünə sevgidən, qürurdan etmək üçün gördüyünüz televiziya onun davamıdır. Orda heç nə dəyişilməyib.

Azərbaycanda 44 günlük savaşdan sonra bir çox şey dəyişildi. “Çox şey” deyiləndə, bəzi şeylər dəyişilib. Televiziya da həminkidir, “əyri güzgü”dür. Millət ona baxanda özünə nifrət edir. Konsepti yaymaq üçün müəyyən kadrlar peyda oldu. Əzilib-büzülən oğlanlar, sonra sifətləri çox dəyişilmiş xanımlar ortalığa çıxdı. Onlar da, təbii ki, dırnaq arası “uğur qazandılar”. Nə barədə, yəni öz lazımsız verilişləri ilə guya ki, gündəm oldular. Nəticədə öz tamaşaçılarımız öz televiziyamıza nifrət etdilər. Rusca başa düşənlərin 20 faizi Rusiya kanallarına baxmağa başladılar, qalanları da Türkiyə kanallarına baxmağa başladılar. Bizim kanallar isə “rəhmətə getdi”.

– Sizin də qeyd etdiyiniz kimi, bu gün Azərbaycanda əhalinin müəyyən hissəsinin yerli deyil, xarici, xüsusilə də Türkiyə telekanallarına maraq göstərməsi, bu kanallarda gedən serialları, xəbərləri və s. verilişləri daha çox izləməsi əsasən nə ilə bağlıdır?

– Nə ilə bağlıdır? Rusiyanın Ukraynanı işğalından sonra demək olar ki, kanallar ölüb. Artıq işğalçı dövlətin kanallarıdı deyə, o kanallara baxmırlar. Onlar Azərbaycanın, Türkiyənin əleyhinə çox böyük təbliğatla məşğuldurlar. Amma Türkiyə kanallarına baxılır. Orda seriallar Ərtoğrul Qazini tanıdır, Abbasları, Səlcuqları, Oğuz türklərinin kim olduğunu yurdda kimlərin yaşadığını, keçmişdə hansı böyük fatehliklə məğul olduqlarını, necə böyük qanımız olub, çəkib göstərirlər. O Türk filmlərində bizim millətin qanı danışır. Və qan çəkir. Çox da maraqla baxılır. Həm də çox səviyyəlidir. O saat görünür ki, onun arxasında dayanan strukturlar ortalığa böyük sərmayə qoyublar. Orda aktyor oyunu, rejissor, geyim, kosmetika, dekorasiya, qrim, kostyumlar, hər şey əladır. Həddən artıq yüksək səviyyədədir. Görünür, milliyyətçi insanlar orda möhtəşəm, mükəmməl televiziya yarada biliblər. İndi bizim televiziyalarımız da, bu dönəmdə çəkilən filmlərimiz də onların çəkdikləri filmlərdən irəli deyil. Sovet illəri yaxşı da olsa, heç sovet illərində çəkilən filmlər də onların çəkdiklərindən güclü deyil. O vaxtkı rejissorlarımız da milliyətçi adamlar idi. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” və s. filmləri də milliyyətçi adamlar çəkiblər. “Bizim Cəbiş müəllim” də də, “Şərikli çörəkdə” də o var. Bizim televiziyada milliyyətçi olmadığına görə, milliyyətçiliyə qarşı ədəbsizlik, əxlaqsızlıq var. Ona görə, bizim insanlarımız Türk filmlərində milliyyətçilik hissini görürlər, onu yaşayırlar və o seriallara baxırlar. “Kurtlar vadisi” filan. Amma bizdə nənələrin ərə getməsini sevən təbəqə var. Türkiyədə o verilişlər sadəcə o təbəqəyə ünvanlanıb. Sadəcə Türkiyədə kanal çoxdur, 400-500 kanal var. Orda hər təbəqənin özünün sevdiyi veriliş, özünün sevdiyi kanallar və serialllar var. Bizdə isə kanallar bir sifətdədir. Müğənni bu kanaldan çıxır, o biri kanala qaçır. Elə həmin pencəkdə həmin mahnını – fonoqramı oxuyur. Həmin nənə də bu kanaldan çıxıb, gedib o biri kanalda tamaşaçı kimi oturur. Türkiyənin populyar verilişlərini kopya etməklə məşğuldurlar. Amma Türkiyənin verilişləri milliyətçi ruhunda olduğundan burda baxılır.

– Həqiqətən də, hazırda ölkə telekanallarında efirə çıxan nisbətən baxımlı, az-çox reytinq qazanan verilişlərin əksəriyyəti başqa dövlətlərin tele-layihəsidir. Azərbaycan televiziyalarında “ideya qıtlığı”nın yaranması nə ilə bağlıdır? Bu, kadr problemi ilə əlaqədardır, yoxsa cəmiyyətimiz xarici layihələrə daha çox meyl göstərir?

– Azərbaycan kanallarında ideya veriləsi insanlar yoxdur. Ordakı bacarıqsız, istedadsız, düşüncəsiz, qeybətcil komanda nə qədər ideya verə biləcək? Bizdə TV-də operatorlar ideya verir. Hətta bir cümlə qura bilməyən aparıcılar var. Onların adı “yatmış aparıcılardır”. Bizim kanal rəhbərlərinə də yatmış aparıcılar lazımdır. Musiqidən anlayışı olmayan muğam verilişi aparacaq, segahla, çahargahın fərqin bilməyəcək. Bilməyəcək ki, muğam oxuyacaq və yaxud çahargah. İdeya verəcək adamları uzaq edirlər kanallarımızdan. Ancaq millət sevgisi, tarix sevgisi, fəlsəfi bilgisi olan, dünyada gedən proseslərdən anlayışı olan, dünya televizya tarixindən bilgisi olan insanların beynində ideya ola bilər. Ona görə, orda ideya axtarmaq mümkün deyil. Baxılan verilişləri də görmürəm. Nə ailəmdə, nə qohumlarım, dostlarım içində heç bir televizya verilişinə baxılmır. Ətrafımda Azərbaycan televiziyasını tənqid edən, hətta çox acı təəssüf bildirən insanları görürəm. Siz hansı verilişi deyirsiniz, bilmirəm. Çoxdandır mən televizora baxmıram. Amma mən ətrafımda televiziyaya baxanları görməmişəm deyə, məncə, elə bir proqram yoxdur. Hansısa ölkədə uğurlu bir proyekt varsa da, bunlarda sadəcə onu gətirib Azərbaycanda məhv etmək bacarığı var. Dublyaj da  belə, istər o filmdə Riçard Gir oynasın, Draqan Nikolic və yaxud Hindistanın aktyoru Rac Kapur oynasın. Onu bizim dublyaja çevirən kimi Riçard Gir də, Draqan Nikolic də, Rac Kapur da məhv olacaq. Həmçinin, dilimizə sevgi də. Bizim xaricdən götürülmüş proqramlar varsa, ancaq uğursuz oxşarı olacaq. Bizim kanallarda uğurlu layihə, proyekt yoxdur. Xaricdən götürülən proyektləri də o günə salacaqlar ki, adamın əti töküləcək.

– Ümumiyyətlə, belə bir deyim var ki, media cəmiyyətin güzgüsüdür. Sizcə, bu gün telekanallarımız özlərinin “güzgü” funksiyasını layiqincə yerinə yetirə bilir?

– Bizim televiziyalar “əyri güzgü”dür. Bəli, televiziya cəmiyyətin bir güzgüsüdür. Təsəvvürünüzə gətirin ki, bizim cəmiyyətimizə verilən qiyməti Bakımıza gələn ingilis, alman turist verir. Gözəl şəhərimizin işıqlı, təmiz, arxitekturanın mükəmməl olması turistləri heyran edə bilər. Bir ingilis bizim bulvara, binaların işıqlandırılmasına baxır, birdən- birə televizoru açır, bizim televiziyalara baxanda onun beynində belə fikir yaranacaq ki, axı, televiziyalardakılarla şəhər düzgün gəlmir. Sonra açıb bizim tarixi oxusa, musiqilərimizi, Üzeyir Hacıbəylini, Vaqif Mustafazadəni dinləsə, Füzulini, Nəsimini Seyid Əzim Şirvanini, Mirzə Ələkbər Sabiri, Hüseyn Cavidi, Əhməd Cavadı oxusa, yenə də bizim kanala baxsa, görəcək və deyəcək ki, bu kanal başqa ölkənin televiziyasıdır. Ona görə, indiki televiziyalarımız bizim cəmiyyətin güzgüsü deyil. Bizi dünyada biabır etməyə çalışan güzgü formasında bir mediadır.

– Bizim üçün maraqlıdır, sizi hansısa telekanalın rəhbərliyinə gətirsələr, ilk olaraq nələri dəyişmək istərdiniz?

–  Mən hansısa kanalın rəhbəri gəlsəm, ordakı yayımı 6 ay saxlayaram. Mən belə deyəndə bəzi televiziyonçular deyir ki, sən onda tamaşaçını itirdin ki. Mən də onlara belə cavab verirəm ki, əslində, sizin qazandığınız tamaşaçı var ha, o itməlidir.

– Bəs, 6 ay sonra…

– Cizgi filmləri, heyvanat aləmindən, pələnglər, tısbağalar haqqında bəzi filmlər göstərərəm. Mən sizi əmin edirəm ki, 6 aydan sonra tamaşaçılar ekran önündə olacaq, bizim kanalımızı gözləyəcəklər. Tamaşaçımız da milyonlarla olacaq. Mənim rəhbərlik etdiyim kanala maraqla baxarlar. Həm tok-şoulara, həm şou proqramlara, həm də ordakı intellektual verilişlərə sadəcə şou proqramlar kimi baxmazlar, həm də o verilişlərə baxıb, maariflənərlər.

– Kamran müəllim, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin millətlər arası münasibət üzrə müşaviri olmusunuz. Həmin dönəmdə Əbülfəz bəylə televiziyaların, yaxud da çap mediasının durumu haqda söhbətləriniz olub?

(Ardı var)

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Mənbə: Qafqaz.media https://qafqaz.media/az/bizim-televiziyalar-yri-guzgudur-taninmis-aparici.html

 

 

Related posts

Leave a Comment