Biləsuvar rayonunda yaşayan tanınmış həkim-şair Mirnəsiyət Mürsəllinin “Ağ xalatlı xilaskarlar” kitabı onun oxucularla ilk görüşüdür. Kitab şəfalı əllər sahibi olan dəyərli həkimlərimizin həyat və fəaliyyətinə həsr olunub.
Əminik ki, xeyirxah bir təşəbbüsün və gərgin zəhmətin bəhrəsi olan bu kitab dünyasını dəyişmiş həkimlərimizin adlarını yaddaşlarda yaşadacaq, onların ailələrinə bir təsəlli olacaq. Bu kitab, həm də, bu gün insanlara sədaqətlə xidmət göstərən həkimlərimizin əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndiriləcək.
Tanınmış şair-publisist Ədalət Salmanın kitaba yazdığı ön sözü oxucularımıza təqdim edirik:
ALQIŞA LAYİQ XEYİRXAH İŞ
Ölümün gözünə tuşlanan bir ox,
Ucuz şöhrətlərdən uzaqdır çox-çox,
Yaxşılıq etməkdə təmənnası yox,
Günəş xislətlidir, həkim əlləri!
Qovar qəlbimizdən çəni, çisəyi,
Qoymaz xəzan olsun ömür çiçəyi.
Hökmüylə güldürər neçə istəyi,
Bahar qüdrətlidir, həkim əlləri!
Olar xəstəliyə, ölümə sipər,
Səadət bəxş edər, ömrə nur səpər.
Hamı ehtiramla baş əyib öpər,
Ana şəfqətlidir, həkim əlləri!
Bəli, Günəş xislətli, Bahar qüdrətli, Ana şəfqətli həkimlərimizə hörmət və ehtiram bəsləmək hər birimizin müqəddəs borcudur. Sağlamlığımız naminə ömrünü şam kimi əridən fədakar həkimlərimizin həyat və fəaliyyəti haqqında əsərlər yazmaq, kitab nəşr etdirmək, onların adlarını yaddaşlarda yaşatmaq, həm də ən böyük savab işdir. Tanınmış həkim, el-obada böyük rəğbət qazanmış Mirnəsiyət Mürsəlli də xeyirxah iş görüb. İnsanlara şəfa bəxş edən həkimlərin həyat və fəaliyyəti haqqında məlumatlar toplayıb kitab halında nəşr etdirməyi qarşısına məqsəd qoyub. Onun gərgin əməyi sayəsində “Ağ xalatlı xilaskarlar” kitabı araya-ərsəyə gəlib. Gözəl təşəbbüsün, ağır zəhmətin şirin bəhrəsidir bu kitab!
Mirnəsiyət həkim Biləsuvar rayon Mərkəzi Xəstəxasının Reanimasiya şöbəsinin müdiri olsa da, bədii yaradıcılıqla da məşğul olur. Onun imzası poeziyasevərlərə yaxşı tanışdır. Şeir və publisist yazıları dövrü mətbuatda müntəzəm çap olunur. Oxucular onun bədii kitabının çapdan çıxmasını səbirsizliklə gözləyirlər. Biləsuvar rayonunda yaşayan şair-həkim Mirnəsiyət Mürsəlli təvazökar insan, həm də böyük ürək sahibidir. O öz şeirlər kitabını çap etdirməyə tələsmir. Həmişə də deyir ki, mən ilk növbədə həkimlərimiz haqqında hazırladığım kitabı çap etdirməliyəm. Bundan sonra ürəyim rahat olacaq ki, mən öz vətəndaşlıq borcumu yerinə yetirə bildim.
Bəli, xeyirxah insanlar həmişə belə olub, özünü yox, başqalarını düşünüb, cəmiyyətə xidmət etməyi özünə şərəf bilib, qədimi kişilər demişkən, sağlığında rəhmət qazanıb…
Əminəm ki, Mirnəsiyət həkimin gördüyü alqışa layiq bu xeyirxah iş – nəşr etdirdiyi bu kitab dünyasını dəyişmiş həkimlərimizin adlarını yaddaşlarda yaşadacaq, onların ailələrinə, övladlarına, nəvə və nəticələrinə bir təsəlli olacaq. Bu gün də sağlamlığımızın keşiyində vicdanla dayanıb insanlara sədaqətlə xidmət göstərən həkimlərimizə isə ən gözəl töhfə olacaq.
Ümidvaram ki, həkim-şair Mirnəsiyət Mürsəllinin “Ağ xalatlı xilaskarlar” kitabı həkimlərimizin əməyinə həmişə yüksək qiymət verən insanlar tərəfindən də rəğbətlə qarşılanacaq, onların stolüstü kitabı olacaq.
Ədalət Salman,
AYB və AJB-in üzvü,
Sözün işığı” qəzetinin baş redaktoru