“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Sentyabr ayının 9-da YAP Biləsuvar rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Tədbirdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun rəisi Azad Quliyev, Biləsuvar Gənclər Evinin direktoru Vəkil Cəfərov və gənc partiya üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə açan YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən geniş söz açdı. Ulu Öndərin Azərbaycan gənclərinin dövlətini sevən, milli adət ənənələrinə bağlı, vətənpərvər şəxsiyətlər kimi formalaşmalarından ötrü gördüyü əməli işlərdən danışdı.
Çıxışlarında Azad Quliyev və Vəkil Cəfərli ölkəmizdə həyata keçirilən gənclər siyasəti və bununla əlaqədar Biləsuvar rayonunda görülən işlər barədə məlumat verdilər. Tədbirin təşkilinə görə YAP Rayon təşkilatına minnətdarlıqlarını ifadə etdilər.
Gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verildikdən sonra, onlar Mərkəzdəki eksponat, fotoşəkil və kitablarla tanış oldular. Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxış oldu.
Ekskursiyanın sonunda YAP Rayon təşkilatının sədri geniş nitq söyləyərək dünyada və regionumuzda baş verən hadisə və proseslər, onların ölkəmizə təsiri və gənclərimizin bu təsirlərdən nəticə çıxarmaları üçün Heydər Əliyev şəxsiyyətinin həyat yolunun nümunə olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Sonda xatirə fotosu çəkdirilib.
Samir Ağayev