Lənkəranda “Qarabağ Azərbaycandır” layihəsinin açılış
tədbiri keçirilib
“Regionpress.az” xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi və direktoru Gülşən Axundzadənin rəhbəri olduğu “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin 14.10.2023 tarixində açılış tədbiri yüksək səviyyədə təşkil olunub.
Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun müdiri Elman Rzayev, sektorun aparıcı məsləhətçiləri Cəmil Axundzadə və Nüsrət Əlizadə, sektorun metodisti Kamran Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Ruslan Hüseynov, layihənin eksperti – Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev, layihənin mühasibi Vamiq Babayev, ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin müəllimləri, şagirdləri və mətbuat nümayəndələri iştirak edib.
Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi və direktoru Gülşən Axundzadə layihənin açılışı tədbirini giriş sözü ilə açıq elan edərək gələn qonaqları salamladıqdan sonra qalibi olduğu “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin aktuallığını, məqsədlərini və vəzifələrini iştirakçıların diqqətinə çatdırıb. Tarixi zəfər günlərini yaşayan Azərbaycan məktəblilərinin Qarabağın tarixi və coğrafiyası ilə bağlı biliklərinin möhkəmləndirilməsi istiqamətində layihənin faydalılığını qeyd edib. Layihənin yüksək səviyyədə icra olunması prosesində layihə komandasının tam hazır olduğunu nəzərə çatdırıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun müdiri Elman Rzayev öz çıxışı zamanı Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin son illərdə qazandığı təhsil uğurlarına toxunaraq Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsində fərdi kateqoriya üzrə 2 layihənin qalib olmasını məktəbin innovativ ideyalarla fəaliyyət göstərməsinin bir təzahürü hesab edib. “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin Lənkəran rayonu məktəblilərində Qarabağla bağlı tarixi və coğrafi həqiqətlərin dərk edilməsi sayəsində onların təhsilində vətənpərvərlik tərbiyəsinin yüksək tutulmasına müsbət təsir edəcəyini qeyd edib. Layihə qaliblərinə bu məsuliyyətli işdə uğurlar diləyib.
Açılış tədbirinin davamında layihənin eksperti, Lənkəran Dövlət Universitetinin müəllimi, layihələr üzrə mütəxəssis Samir Salayev çıxış edərək layihənin gedişatı haqqında məlumat verib. O, qeyd edib ki, layihə Lənkəran təhsil sektorunun tabeliyində olan bütün ümumtəhsil müəssisələrini əhatə edir. İlkin mərhələdə rayonun 5 müxtəlif ərazisində olmaqla həyata keçiriləcəkdir. Həmin ərazilər üzrə ümumtəhsil müəssisələrinin hər biri 5 nəfər şagirdi ilə bilik yarışında iştirak edəcək. Məktəblilər bilik yarışında 2 saat müddətində 30 ədəd sual Qarabağımızın tarixi, 30 ədəd sual Qarabağımızın coğrafiyası üzrə olmaqla 60 suala cavab axtaracaqlar. Bilik yarışının birinci mərhələsinin nəticələri elan olunduqdan sonra hər bir ərazi üzrə ilk 5 yeri qazanan məktəblilər 14 yanvar 2024-cü il tarixində təşkil olunacaq “Qarabağ Azərbaycandır!” final yarışında iştirak hüququ əldə edəcəklər. 25 nəfərdən ibarət Final yarışında ilk 3 yeri qazanan məktəblilər və onların təmsil etdikləri ümumtəhsil müəssisələri kubok, medal və diplomlarla təltif olunacaqdır. Layihənin eksperti çıxışının sonunda iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Açılış tədbirində çıxış edən layihənin mühasibi Vamiq Babayev öz çıxışında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin məktəblilərin, müəllimlərin, cəmiyyətin inkişafındakı müsbət rolunu qeyd edib. Bu imkanlardan yararlanaraq layihə qalibləri cəmiyyətləri üçün çoxlu işlər görə bilirlər. Bunun üçün layihələrin maliyyə hesabatlılığının da ən yüksək səviyyədə təmin olunmasının vacibliyini qeyd etdi. Bütün tədbir iştirakçılarına qrant müsabiqələrində növbəti illərdə də çox fəal olmaları ilə bağlı tövsiyyələrini təqdim edib.
Layihənin açılışı tədbirində iştirak edən qonaqlar da çıxış edərək layihənin mövzusunu, aktuallığını xüsusi ilə yüksək qiymətləndirərək “Qarabağ Azərbaycandır!” ideyasını Ali baş komandanımızın rəhbərliyi ilə sözün bütün mənalarında gerçəkləşdirən, dünyaya sübut edən Azərbaycan ordusunun rəşadətini bir daha vurğulayıblar. Layihənin işinə uğurlar diləyiblər.
Qeyd edək ki, “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsi 15.09.2023-15.02.2024 tarixlərində Lənkəran rayonunda icra olunur. 22 oktyabr 2023 tarixində “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin icra planına uyğun olaraq birinci ərazi kimi nəzərdə tutulan Lənkəran şəhər ümumtəhsil müəssisələri və şəhərə yaxın kənd məktəblərinin şagirdlərinin iştirakı ilə bilik yarışı həyata keçiriləcək.