Sumqayıt Dövlət Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.
“Bilesuvarinfo” SDU Mətbuat xidmətinə istinadən xəbər verir ki,tədbirdə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 1-ci müavini Teymur Səmədov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisi Natiq Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin rəis müavini Səbuhi Əliyev, Sumqayıt şəhər prokuror köməkçisi İmran Əhmədov, Sumqayıt hərbi prokuroru Raul Şahverdiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin rəisi Fuad Babayev, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və şəhid ailələrinin üzvləri, qazilər iştirak edib.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətindəki xatirə abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri düzdülər.
Tədbirdə “Zəfərin rəngi” adlı fotosərgiyə baxış keçirildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və videoçarx nümayiş olundu.
Universitetin rektoru Rüfət Əzizov çıxış edərək Zəfər Günü münasibətilə iştirakçıları təbrik etdi. Bildirdi ki, Ümummilli lider Heydər Əliyevin siyasi xəttini və ideyalarını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən şanlı Azərbaycan Ordusu xalqımıza möhtəşəm Zəfər Günü bəxş etdi: “Bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Müstəqil Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində 2020-ci ilin 27 sentyabrından zəfər salnaməmizin ən şanlı, parlaq səhifələri yazıldı. Zəfər bayramının artıq 3 ili tamam olur. Amma budəfəki Zəfər bayramının əvvəlki iki ildə keçirdiyimizdən böyük fərqi var. Fərqi ondadır ki, tarixi zəfərimizdən 3 il sonra 8 noyabrda Azərbaycan Ordusu Xankəndidə hərbi parad keçirəcək. Bütün bunlar tarixi uğurlardır və onların müəllifi də cənab Prezident İlham Əliyevdir.”
Sumqayıt şəhər İcra Başçısının 1-ci müavini Teymur Səmədov çıxış edərək Müzəffər Ali Baş Komandana xalqın inamından, müdrik siyasətindən söz açdı. O, qeyd etdi ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Bu ilin oktyabrın 15-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Dövlət başçımız üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla sübut etdi ki, Azərbaycan xalqı və dövləti güclüdür, torpaqlarının sahibidir.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, ordumuzun hərbi gücündən, əsgərlərimizin şücaətindən, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından danışdı. Bildirdi ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, Cənubi Qafqazda sülh və firavanlıq üçün də etibarlı zəmin yaratdı.
Tədbirdə 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin parlaq səhifələrindən, həmin günün Azərbaycan xalqının iftixar və qürur gününə çevrilməsindən bəhs edən “Oyuncaq möcüzəsi” adlı tamaşa nümayiş olundu.
Tədbir ədəbi-bədii və konsert proqramı ilə yekunlaşdı.