Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən son günlər sosial mediada İbrahim Hüseynovla bağlı paylaşımlara münasibət bildirilib.
“Regionpress.az” xəbər verir ki, idarə tərəfindən verilən açıqlamada qeyd olunur:
– Salyan rayon sakini İbrahim Hüseynovun texniki ştat vahidi üzrə işə götürülməsi, vəzifəsinin dəyişdirilməsi ilə bağlı paylaşılan məlumatlar Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb.
Millət vəkilləri Fəzail Ağamalı və Etibar Əliyevin sosial mediada verdikləri, reallığı əks etdirməyən birtərəfli məlumatlara cavab olaraq bir daha bildiririk ki, Sənan Mənsimli tərəfindən işə götürülməsi iddia edilən İbrahim Hüseynov öz xahişi və müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin Məşğulluq Alt Sisteminin vakansiya göndərişi əsasında 15.09.2021-ci ildə Salyan rayonu Qarabağlı kənd 1 nömrəli tam orta məktəb direktorunun əmri ilə texniki vəzifə üzrə işlə təmin olunmuşdur. Buna dair sənədləri də diqqətinizə çatdırırıq: (müvafiq əmr əlavə olunur).
Bununla yanaşı onu da qeyd edirik ki, Sənan Mənsimli 29.04.2022-ci il tarixdə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat (işə təyinat əmri əlavə olunur) almışdır. Əmrlərdən göründüyü kimi, İbrahim Hüseynovun Qarabağlı kənd 1 nömrəli tam orta məktəbində işə təyinatı Şirvan-Salyan Regional Təhsil İdarəsinin yaranmasından öncəki dövrə təsadüf edir.
Qeyd edək ki, İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət etməmişdir.
Ümumiyyətlə, şəhid ailə üzvlərinə və qazilərə həssas münasibət təhsil sahəsində də ən ümdə məsələlərdən biridir. Məlumat üçün bildiririk ki, ölkə üzrə 3500-ə yaxın şəhid və qazi ailə üzvi bu sahədə müxtəlif vəzifələrə işə qəbul olunub. Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı gündən tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinə 42 nəfər şəhid ailəsi üzvü, 54 nəfər qazi müxtəlif vəzifələr üzrə işlə təmin edilmişdir. Onu da qeyd edək ki, millət vəkilləri tərəfindən bu kimi yanlış və birtərəfli məlumatların sosial mediada əksini tapması ciddi təəssüf doğurur.