Şirvan-Salyan Regional Təhsil İdarəsində Respublika Fənn Olimpiadalarında uğur qazanmış şagirdlərin müəllimləri və təhsilverənlərin sertifikatlaşdırmasında yüksək bal toplamış müəllimlərlə görüş olub.
“Regionpress.az” xəbər verir ki, görüşdə idarə rəisi Sənan Mənsimli təhsilə göstərilən dövlət qayğısından söz açarkən bildirmişdir ki, bütün bununla əsas məqsəd təhsilimizin dünya təhsilinə yaxından inteqrasiyasıdır.
Görüşdə çıxış edən müəllimlər dəvətə və onların əməyinə verilən qiymətə görə təhsil idarəsinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd etmişlər ki, onların əməyinin bu formada rəğbətləndirilməsi gələcəkdə də yeni uğurların əldə edilməsi üçün böyük bir motivasiya verir.
Görüşün sonunda sözügedən istiqamətlərdə əldə etdikləri mühüm uğurlarına görə bir qrup müəllimə mükafat və fəxri fərmamlar təqdim olundu.
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi müdürünün əmrinə əsasən ümumilikdə 25 nəfər müəllim mükafatlandırılıb. Onlardan 2 nəfər təhsilverənlərin sertifikatlaşdırmasında ən yüksək – 60 bal toplamış ibtidai sinif müəllimləri, 23 nəfər isə olimpiadalara hazırlıq ilə bağlı fəaliyyətləri olmuş müəllimlərdir.
Həmçinin, 2022-2023-cü ildə Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində 50 şagird uğur qazanıb. Onlardan da 32 nəfər qaliblər sırasında yer almışdır. Belə ki, 3 nəfər qızıl, 9 nəfər gümüş və 20 nəfər bürünc medala sahib çıxıb.