Biləsuvar rayonunun İsmətli kəndinin giriş hissəsi zibil tullantıları ilə çirkləndirilib.
Regionpress.az xəbər verir ki, kənd sakinləri yaranan bu vəziyyətdən çox narahatdır.
İsmətli kənd sakini Əflan Əmənov bildirir ki, kəndin girişində yaranan bu mənzərə xeyli müddətdir davam edir: “Dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyəsinə məlumat verilib, ancaq heç bir nəticə olmayıb. Hətta, bir müddət qabaq məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi hallarına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İsmətli bələdiyyəsinə cərimə də tətbiq olunub, bələdiyyə nəticə çıxarıb kənddə məişətdən çıxan tullantıların daşınmasını təşkil etmir. Bəzi vətəndaşlar da zibili hara gəldi atmaqda davam edir.
Kənd sakini bildirir ki, kəndimizin adı bu günlərdə müasir lövhəyə yazılıb. Bu zaman hesab edirdik, kənd rəhbərliyi fəallıq göstərib, ətraf ərazidəki zibillərin daşınmasını təmin edəcək. Ancaq, kəndə daxil olarkən şahidi olduğumuz mənzərə dəyişməz qalıb.
Məsələ ilə bağlı İsmətli kənd bələdiyyəsinin sədri Zaur Seyfiyevlə əlaqə saxladıq. Bizə bildirildi ki, bu əraziyə zibili yolun əks istiqamətdə, yaxınlıqda yaşayan sakinlər atır. Onlara edilən xəbərdrlıqlara da məhəl qoymayıb. Ərazini dəfələrlə təmizlətdirmişik, hazırkı hava şəraiti texnikanın ərazidə işləməsinə imkan vermir, şərait yaranan kimi problem həllini tapacaq.
Bələdiyyə sədri həmçinin qeyd edib ki, kənddə evlərdən zibil tullantılarının daşınması işini ayrı-ayrı vaxtlarda iki dəfə təşkil etmişik: “ Təyin olunmuş günlərdə zibil daşınırdı evlərdən, ancaq əksər sakinlər ödənişlərdən boyun qaçırdı, imkanlarımız məhdud olduğundan işi davam etdirə bilmədik. Hazırda sakinlərin bələdiyyəyə 100 min manata yaxın borcu var, borclarını ödəyib bizə dəstək olarlarsa, bu işin daha əsaslı təşkilinə nail ola bilərik”