Muğanda yetişən çoxlarının diqqətindən kənarda qalan gicitkən sən demə dünyanın ən qiymətli bitkilərindən biri olan jenşen qədər min bir dərdin dərmanı imiş. Bəzən ətrafımızda, ana təbiətin bizə bəxş etdiyi nemətlərin fərqinə varmırıq.
Biləsuvarın Bağbanlar kəndindən olan biologiya müəllimi, tədqiqatçı Vidadi Məmmədov Regionpress.az-a bu haqda danışarkən bildirib ki, yaxşı yaşamaq üçün daha çox çalışırıq, lakin düşunmürük ki, yaxşı yaşamaq üçün sağlam olmaq lazımdır: “Aran bölgəsində yüzlərlə faydalı bitkilər var ki, bunlar min bir dərdin dərmanıdır. Bu bitkilər əsasən də müalicəvi olmaqla çox qiymətlidirlər. Bunlardan ən çox yayılmışları çobanyastığı, həməköməci, boymadərən, bağayarpağı, yarpız, dəvə-tikanı, zəncirotu, gicitkən və sair gostərmək olar”.
Tədqiqatçı V.Məmmədov gicitkənın əhəmiyyətindən danışarkən qeyd etmişdir ki, bu bitkinin dünyada əlli, Azərbaycanda isə üç növü yayılıb: “Bizim bölgədə adi dalayan və ikievli gicitkəni daha çox yayılıb. Bu bitki o qədər faydalı bitkidir ki, deyərdim bütün dərdlərə dərmandır. Qurudulmuş yarpaqlarının tozundan burun qanaxması zamanı istifadə olunur, toxumlarından alınan cövhər insanınəhv al-ruhiyyəsini artırır. Təpitməsi ağrıya, suda qaynadılaraq ayaqların vannaya qoyulması revmatizmaya qarşı istifadə olunur. Həmçinin suyu saçın tökülməsinin qarşısını alır. Bu gün nəzərə alsaq ki, şəkər xəstəliyi çoxalıb, gicitikən insulinin miqdarını azaldaraq onun əmələ gəlməsini ləngidir. Gicitkənın əhəmiyyətini saymaqla qurtarmaq olmur. Çox əfsuslar olsun bu gün biz təbiətimizdə çox faydalı bitkilərdən hələ də lazımı qədər istifadə edib sağlamlığımızın qayğısına qalmırıq. Onu da bildirim ki, qanazlığı olan xəstələrə gicitkəndən istifadə etmək məsləhət görülmür”.
Biləsuvarın Nərimankənd kənd sakini 65 yaşlı Aydəniz Talıbzadə deyir ki, ata-babalarımız yaxşı deyiblər: kim ki, yüz il yaşamasa, günah onun özündədir: “İndi əksər insanlar bitkilərin müalicəvi əhəmiyyətini araşdırıb, gümrah qalmalarında istifadə etmirlər. Hələ mən uşaq olarkən bu qiymətli bitkinin xeyirlərini bilmişəm. Anam ara-sıra bu bitkini ovucunda əzdikdən sonra, azca duzalyıb yeyərdi. Onun qan təzyiqini, ürək döyütülərini gicitkən normala saldığından, daha kimyəvi həblərə ehtiyac qalmırdı. Dizlərində yaranan şişkinlikdən gicitkən kolunu dizlərinə çırpırmaqla xilas olurdu. Yaxşı yadımdadır, yazda kiminsə mədə-bağırsağında narahatçılığı olanda, gicitkəndən istifadə edirdi. Mən də həmişə bu bitkidən övladlarımın müalicəsində çox istifadə etmişəm. Mövsüm boyu dəmləyəib içirik, öskürəyin dərmanıdır, qutab bişirirəm, qovurub yeyirik”.
Rayonun digər yaşlı sakini Dadaş Ağayev isə deyib ki, Cəlilabadın dağ kəndlərinin birində doğulub boya-başa çatmışam. “Anamız ailəmizdə böyüyən dörd uşağın hamısını xəstəliklərdən şəfalı bitkilərdən istifadə etməklə qoruyub. Təbiətimizin qiymətli, əvəzsiz nemətlərindən olan gicitkən müxtəlif xəstəliklərə qarşı mübarizədə həmişə öndə olub. İndi əksəriyyət yüngül xəstəlik keçirəndə yadına ilk olaraq dərman almaq düşür. Ancaq düşünmürlər ki, təbiətimizdə min bir dərdin dərmanı olan bitkilərimiz çoxdur. Oxuyub, araşdırmaq, mütəxəssislərlə, həkimlərlə məsləhətləşib, bu kimi bitkilərdən ara-sıra istifadə etsək, sağlam qalarıq, həm də büdcəmizə qənaət etmiş olarıq. Həyətyanı sahəmizdə yaşıllığın, xüsusən müalicəvi otların çox olması, övladımın arıçılıq təsərrüfatından götürdüyü təbii balın dad-tamında və keyfiyyətində də özünü göstərir”, – deyərək, səksən dörd yaşlı ağsaqqal sözlərin əlavə edib.
Qələmə aldı: Surxay Şahbazov