Bağban: Ağac da canlıdır, uşaq kimi qulluq istəyir

Azərbaycanda meyvəçiliyin intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi hazırda aqrar sektorun qarşısında dayanan əsas hədəflərdən biridir. Artıq bir sıra bölgələrində bu sahənin inkişafı öz növbəsində,  əhalinin məşğulluğunun təmin edilməsi və sosial rifah halının yaxşılaşmasında da mühüm rol oynayır. 

“Regionpress.az” xəbər verir ki, son illər Biləsuvar rayonunda yeni meyvə bağları salınarq, yerli torpaq-iqlim şəraitinə uyğun meyvə ağaclarının yetişdirilməsinə başlanılıb.

Rayonun Bağbanlar kəndindən, müəllim olan Ramin Həsənov zəngin çeşidli tingçilik təsərrüfatının sahibidir. Zəngin çeşidli meyvə sortlarının tinglərinin becərilməsində həyətyanı torpaq sahəsi ilə yanaşı, çöl əkin sahəsindən də istifadə edir.

O, ağaclara qulluqdan danışarkən bildirmişdir ki, ağac da canlıdır, uşaq kimi qulluq istəyir. Meyvə bağlarında yüksək məhsuldarlığa nail olmaq üçün ilkin olaraq ərazinin torpaq-iqlim şəraiti nəzərə alınmalı və vaxtında lazımi aqrotexniki tədbirlər görülməlidir.

Əkdiyi yeni ağac sortlarını bir çox ölkələrdən gətirdiyini deyən Ramin müəllim bildirir ki, bu il Rusiyanın Krasnadar vilayətindən yerli iqlimə uyğun daha 5000 ədəd cır gilas şitili əkmişik ki, “Krım”, “Napoleon” və “Romanovka” sortları calaqdan sonra satışa çıxarılacaq. “Bir çox fərqli armud, alma, albuxara, həmçinin “Krasnadar” ağ girdəkan sortunun şitilini əldə edərək becərirəm. Həmişəyaşıllar- “Eldar şamı”nı, “Kipariz”i toxumdan cücərdib əldə etmişəm”-, deyərək, o sözlərinə əlavə edir.

Onun sözlərinə görə, Göycə alçasının qırmızı rəngdə növünü də əldə edə bilib: “Adi qırmızı alça şitillərinə göyçəni calaq etmişdim. Bir müddət sonra gördüm ki, ağaclardan biri qırmızı yarpaqlayıb. Bu ağacı becərib, çubuqlarından peyvəndlər edib sayını artırdım. Qara rəngli alma sortunu da ilk dəfə Azərbaycana mən gətirmişəm, calaq vurub sayını artırırıq. Hazırda bağımda iyirmiyə yaxın meyvə sortundan olan altımış minə qədər olan meyvə tinglərini yaz fəslində “yarma-calaq” peyvəndi və payız fəslində isə “göz calağı” vurmaqla əldə etmişik”.

Onu da qeyd edək ki, Ramin müəllim mövsüm ərzində ağaclarda  aparılan calaqvurma işlərində başqa rayonlardan da peşəkar və ixtisaslı mütəxəssis işçilər gətirir. Bildirib ki, ağacın calaq yolu ilə çoxaldılma üsulu çox incə və məsuliyyətli işdir.

Related posts