- Gənc həkimimizin müasir dünyada sürətlə inkişaf edən tibb elminin yeniliklərini mənimsəməsi, uralogiya sahəsində qazandığı dərin elmi biliklər, insanlara göstərdiyi nümunəvi tibbi xidmətlə tanışlıqdan sonra düşündük ki, onun haqqında yazmağa dəyər.
Babası, atası həkim, elə daşıdığı soy-kökü həkimlərlə məhşur olan Pəzvizin orta məktəb illərində əyninə ağ xalat geyinmək, insanlara şəfa vermək istəyi onu bir an da olsun tərk etməyib.
O, 1986-cı ildə Biləsuvarda dünyaya göz açıb.1993-2004-cü illərdə Biləsuvar şəhər 4 saylı orta məktəbini başa vuraraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə müvəffəqiyyətlə qəbul olub. 2010-cu ildə Hippokrat andını içdikdən sonra tibbin ən çətin bölməsindən birində biliyini sınamağı qarşısına məqsəd qoyan gənc mütəxəssis biliyini daha çox məsuliyyət, diqqət, daim axtarış tələb edən cərrahiyyə sahəsində sınamağa üstünlük verir.
P.Mürsəlov öyrənmək eşqi, seçdiyi peşənin bütün incəliklərinə bələd olmaq yanğısı onu yenə də rahat buraxmayıb. 2011-2016-cı illərdə Akad.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında Urologiya ixtisası üzrə təhsil alıb. 2015-ci ildə İstanbul Üniversitesi Cerrahpaşa Tıp fakültesinin, 2016-cı il Ankara Atatürk Eğitim ve Araştırma Hastanesinin və 2019-cu ildə Samsun Ondokuz Mayıs Universitesi Tıp Fakültesi Hastanesinin urologiya şöbələrində təcrübədə olub.
Pərviz Yusif oğlu Mürsəlov hazırda Akad. M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında həkim uroloq-androloq kimi çalışır. Hər gün qəbuluna yazılan onlarla pasienti böyük diqqət və nəvazişlə qarşılayır, gənc həkimin şəfalı əlləri şəfaətçi olur.
Dövlət müstəqilliyimizin bərpasından sonra gənc nəsl yüksək ixtisaslara yiyələnərək mütəxəssislərə çevrilir. Pərviz həkim bizimlə söhbətində qeyd edir ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlar və müşahidə olunan sürətli inkişaf bəzi xəstəliklərlə bağlı insanların müalicə almaq üçün xaricə üz tutmağa lüzum qalmayıb: “Burada bütün növ xəstəlikləri yüksək səviyyədə müalicə etmək mümkündür. Səhiyyəmizin dünya standartları səviyyəsində inkişafının əsas istiqamətlərindən biri təbii ki, tibbi təhsil və kadr islahatıdır. Savadlı və ən müasir texnologiyalarla işləmək bacarığına yiyələnən gənc həkimlərin hazırlanmasına, onların bilik və peşə qabiliyyətlərinin artırılmasına da xüsusi diqqət yetirilir”.
Bəli Pərviz Müsəlov kimi savadlı, yenilikçi və vətənpərvər kadrlar Azərbaycan səhiyyəsinin inkişafına, ölkəmizdə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşmasına əvəzsiz töhfə verirlər.