FHN-nin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən zona birinciliyində 6 məktəbin komandası iştirak edib.
“Regionpress.az” xəbər verir ki, Lənkəranda, FHN – nin Cənub Regional Mərkəzin təşkilatçılığı ilə regionu əhatə edən orta və ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. FHN – nin regionda olan struktur bölmələri, Lənkəran – Astara Regional təhsil idarəsi və Lənkəran şəhər Gənclər və İdman idarəsinin əməkdaşlarının iştirak etdiyi zona birinciliyinə regionun 6 məktəb komandası qatılıb. Yarışın yekun nəticəsində Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta məktəbinin komandası I yerə, Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbin komandası II yerə və Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbinin komandası III yerə layiq görülüb. Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta məktəbinin komandası Qəbələ şəhərində keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Yarışlarda qalıb komandalara kubok və diplomlar təqdim edilib.
Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqalada hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəsildə hərbi vətənpərvərlik ruhunun aşılanmasından ibarət olub.