Yazıçı Lalə Bağırovanın yaxın günlərdə nəşr edilən “Talelərin oyunu” kitabına eyniadlı didaktik-psixoloji povesti daxil edilib. Oxucu diqqətinə təqdim olunan bu maraqlı (və olduqca ibrətamiz məqamlarla iç-içə) povest, əslində, bütünlüklə dünənində, keçmişində qalan, o aləmdən heç vəchlə qopub-ayrıla bilməyən, o aləmin ən xırda təfərrüatlarını belə hafizəsindən silib-atmağı özünə rəva bilməyən bir könül adamının qələmə aldıqlarıdı. Bu yazılanlar yaddaşının bütün köklərini, rişələri ilə dünəninə bağlı olan insanın vaxt və baxt haqqında olan qənaətləri kimi oxunur. Elə bil olduqca uzaq keçmişdə yaşanan ömrün unudulmaz xatirələrini yenidən gətirib göz önünə qoyur. Və qəribə bir çaşqınlıq içində adam özünü bu aləmə götürən yolda “yerişini” yavaşıdır, hər qədəmdə ömründən-günündən keçib gedən anları, həyatı boyunca ona yaşadılanları birər-birər yenidən xatırlamaq istəyir.
“Tale oyunları” bütövlükdə, ən kritik, ağlasığmaz, çətin məqamda belə insanlığın var olduğu, dirəniş göstərə bildiyi aləmin bədii ifadəsi, təsdiqidir. Səhifələr boyunca üç fərqli dünya, düşüncə tərzi üz-üzə gəlir: səmimi, övladcanlı Sevda, hikkəli anasının təkidi ilə Nəzrini övladlığa götürən Zübeydə və bu ağrılı “bazarlaşma”nın psixoloji gərginliyinə fövqəladə səbrlə, xüsusi həssaslıqla tab gətirən Nəzrin. Gənc Nəzrinin anası, atası, əmisi, bibisinin gəlini qəlbən onu duyurlar. Amma barıt çəlləyi kimi hər an partlamağa hazır olan Atlasın və anasının “məktəbini keçmiş” Zübeydənin üzündən keçməyi də heç kəs özünə rəva görmür. Müəyyən səbəblər üzündən qəlbi kin-küdurət dağarcığına dönmüş ananın üzərinə getmək istəmirlər. Təbii ki, bu güzəştli münasibət get-gedə Atlasın da qəlbinə, həyata baxışına təsir edir, o, üstünə götürmək, etiraf etmək istəməsə də, nəhayət, taleyilə barışmalı olur. Yəni, nəvəsi Nəzrin illər sonrası öz doğma ailəsinə qaytarılanda, o, öz hirs-hikkəsini içəri verir. Sürüb Sevdanın, güvəndiyi oğlunun üstünə getmir. Bu məqam onun qəlbinin dərinliyində hələ nəfəs alan insanlığının şəkillənməsidir.
Zübeydə isə günlər sonrası onu yoluxmağa gəlmiş Nəzrinə çiyninin üstündən yun çırpa-çırpa çərəki baxmağıyla ötəri məzəmmətlə ötüşür. Bu yun çırpmağın özü belə simvolikdir. Əslində, Züseydə boşuna, bekar yerə vaxtını öldürmək üçün həyətdə oturub yun çırpmır. Bu məqamda o, qəhr etdiyi həyatını, acizliyini, cahilliyini və “məğlubiyyət”ini qamçılayır. Sanki bütün bu qarışıq hisslərini, özünə və onu bu duruma salanlara olan hirsini çubuğun qabağına tökdüyü yun tayasının üstünə tökür.
Nəzrin öz körpə, pak qəlbi ilə Zibeydənin əhvalın duyur, onu bağışlayır… Nənəsinin yaşatdıqları və bibisigildə yaşadığı məşəqqətlərə rəğmən, olanları unutmağa çalışır. Nənəsinin də, bibisinin də doğmalıq haqqını itirmir. Kin bəsləmir, əslində, vəfadarlığı, səmimiyyəti, Allaha yaxınlığı ilə qalib gəlir. Bağışladıqca böyüyür, kamilləşir.
“Tale oyunları”nı oxuduqca xalq şairi Bəxtiyar Vahabzadənin unudulmaz misraları yaddaşımdan birər-birər keçməkdə idi:
Ömür dastanımı bilmədim, açdım,
Sətirlər qəm dolu hekayət imiş.
Hər sətri dərd olub üzümə durdu,
Nə qanlı-qadalı səyahət imiş…
Elə bil balaca, kövrək və tuş gəldiyi bütün məşəqqətlərə qəlbinin həqiqət, insanlıq işığı ilə güc gələ bilən Nəzrinin dilindən qələmə alınıb bu misralar. Amma Lalə xanımın təqdim etdiyi “Tale oyunları”ndan bizə tanış olan Nəzrini ömür kitabının o qəm dolu hekayətləri bədbinləşdirmir. Özünə qapatmır. Əksinə, bu qəmli olaylar onu həyata, özünü tapmağa hazırlayır. Sanki adi metal parçası qızmar kürədə döyülüb silaha çevrilir. Bu silahsa kəsmir, doğramır, can almır. Bütün varlığı ilə işığa, həqiqətə, yaxşılığa, insanlığa yol açır. Xeyirxahlıq dərsi verir. Anladır.
Dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin dahiyanə fikrini xatırlayıram: “Əsas olan həyatı necə yaşamaq yox, onu necə anlatmaqdır”.
“Tale oyunları” həyatı yaşamaq və eyni dərəcədə də onu hər kəsin ürəyincə anlatmaq dərsliyidi.
Mənbə: “Ədəbiyyat qəzeti” ( 04.10.2024 )
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!