Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı (Hüseynov) illərdən bəri, min-bir zəhmətlə üzərində işlədiyi yeni kitabı Biləsuvarın ədəbi mühitinə həsr edib. O, bu haqda öz fecbook səhifəsində paylaşımında nəşrə hazırladığı kitabından söz açarkən bildirmişdir:
Biləsuvar tarixi abidələri, etnoqrafik ənənələri və zəngin folkloru ilə fərqlənən bölgələrdən biridir. Qədim Şəhriyar və Mahmudoba yaşayış məntəqələri bu bölgənin tarixini çəkib əsrlərin dərinliklərinə aparır. Bölgə yaxın keçmişə qədər qışlaqları ilə yadda qalırdı. Burada yaşayan maldar tayfaların yaratdıqları şifahi xalq ədəbiyyatı nümunələri təsərrüfat həyatı ilə bağlı maraqlı məqamları araşdırmağa imkan verir.
On doqquzuncu yüzillikdə bu yaşayış məntəqəsinə ruslar köçürüldülər və burada Puşkin adlı rayon yaradıldı. İkinci dünya müharibəsindən sonra ruslar tədricən köçüb getdilər. Ötən yüzilliyin sonlarında burada tək-tük rus qalmışdı. Bir faktı da qeyd edim ki, Biləsuvarın xeyli ərazisi Güney Azərbaycandadır. Baş verən tarixi hadisələr biləsuvarlıların adət-ənənəsinə, folklor mühitinə bir o qədər də təsir göstərməmişdir.
Bölgənin yetişdirdiyi aşıqlar el şənliklərini idarə edir, dastanlarımızı yaşadırdılar. Əlifağa Əmioğlu (Sayılov), Əziz Babayev, Sahib Musayev, Əliyar Quliyev, Əfsər Əmirov, Aşıq Alxan, Aşıq Qərib və Həsən Sevdalının qoşmaları dillər əzbəri idi. Aşıq Əlifağa Əmioğlunun “Ay qız, kim olardı, sən olmasaydın?” qoşması uzun müddət Təbriz radiosunda səsləndirilib. El şairlərinin qoşma və gəraylıları bu gün də sevilə-sevilə ifa edilir. Allahverdi Muğanlı, Adil Yaramaz, Telman Biləsuvarlı, Tamaşa Vəliyeva, Ziya Şəkərli, Salamət Rəhimov, Paşaxan Fateh, Sahib Nəzər və başqa el şairlərinin şeirləri adət ənənələrimizlə, el şənlikləri ilə bağlı olduğu üçün indi də toy ifaçıları olan müğənnilərin dilindən düşmür, qiraətçilərin repertuarını bəzəyir.
Yazıçı Əlibala Hacızadənin Əfqanıstan həyatından bəhs edən nəsr əsərləri dönə-dönə nəşr edilir, oxucular tərəfindən həvəslə alınırdı. Elə ev tapmaq mümkün deyildi ki, orada Əlibala Hacızadənin bir neçə kitabı olmasın. Əhmədağa Müğanlının tarixi mövzularda olan nəsr əsərləri əllərdən dşmürdü. Onun “Şəhriyar əfsanəsi” kitabı isə Biləsuvar bölgəsinin qaranlıq tarixinə işıq salır. 1960-1980-ci illərdə Biləsuvarda (keçmiş Puşkin rayonunda) çap olunan “Məhsul” qəzetinin səhifələrində bölgə yazarlarının şeir və hekayələri müntəzəm işıq üzü görürdü. Ötən yüzilliyin doxsanıncı illərində bu ənənəni “Nöqtələr”, “Biləsuvar töhfələri” və “Səməndər” ədəbi birlikləri davam etdirdi. Muxtar Əhməd İsmayıloğlunun rəhbərlik etdiyi “Biləsuvar töhfələri” ədəbi birliyi üç topluda, Namiq Yanarın rəhbərlik etdiyi “Səməndər” ədəbi birliyi iki topluda bölgə yazarlarının ədəbi nümunələrini oxuculara çatdırdı. AYB Aran bölməsi yaradılandan sonra Biləsuvar yazarlarının yaradıcılıq nümunələri bu bölmənin çap etdiyi “Aran ədəbi toplusu”nda yer aldı. Professor Ağayar Şükürov, AYB Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, şairlərdən Ələkbər Salahzadə, Muxtar Əhməd İsmayıloğlu, Firudin Həsənağa, yazıçılardan Əlibala Hacızadə, Namiq Yanar (Şirinov), Rafiq Tağı, Ağalar Rəhimoğlu və başqaları Biləsuvar yazarlarının kitablarına yazdıqları təqdimat xarakterli ön sözlərdə bölgənin ədəbi mühiti haqqında ilkin təsəvvür yaratmışlar.
Bölgənin məşhur yazarı Əlibala Hacızadənin yaradıcılığı haqqında isə alim, şair və yazıçıların çoxsaylı məqalələri vardır. AMEA onun 70 illiyi ərəfəsində (2005) professor Qəzənfər Paşayevin və filologiya üzrə fəlsəfə doktoru Gülzar İbrahim qızının tərtibatında xüsusi toplu hazırlayıb çap etdirmiş və buraya xarici ölkə ədəbiyyatçılarının da Əlibala Hacızadə haqqında fikilərini vermişlər. Bölgənin yetirmələri olan Ağayar Şükürov, Mürtəza Həsənov, Bəhlul Abdulla, Seyfəddin Rzasoy, Taleh Cəfərov və başqa alimlər Biləsuvar ədəbi mühitinə qayğı ilə yanaşmış, onların haqqında məqalələr yazmış, hətta kitablarını çap etdirmişlər. Bölgədə yaşayan Rüstəm Əliyev, Samir Qurbanov, Surxay Şahbazov, Cəlil Qurbanov, Salamət Rəhimov, Əli Aşiq və başqa qələm sahibləri də Biləsuvarın şair və yazıçılarının yaradıcılığına qayğı ilə yanaşmış, onların ədəbi mühitdə, sosial şəbəkələrdə tanınmasına səy göstərmişlər.
Biləsuvar ədəbi mühitini nisbi olaraq şairlərə və yazıçılara bölmək olar. Biləsuvar daha çox şairləri ilə tanınır. Muxtar Əhməd İsmayıloğlu, Firudin Həsənağa, Valeh Alarlı (Seyfiyev), Şakir Xanhüseyn, Cəfər Şıxcan, Allahverdi Muğanlı, Adil Yaramaz, Paşaxan Fateh, Balaqardaş Xəzair Mirili, Şamil Hüseynli, Sahib Nəzər, Şakir Məhbusi, Əli Küskün, Əlifağa Haqverdiyev, Ağamirzə Babayev, Əyyub Yanar, İdris Vətənoğlu, Ağacan Ağayev, Firudin Bağırov, Fərahim Balharçaylı, Nəsimi Qaraşoğlu, Fazil Nuriyev, Hökmüran Məmmədov, Xudakərim Rəhim, Müşfiq Malik Muğanlı, Fuad Biləsuvarlı, Abbasəli Xankişiyev, Zakir Əlirza, Cəlal Orucov, Əli Aşiq, Rasim Alar, Sahibəli Əliyev, Etibar Qurbanov, Ziya Şəkərli, Nadir Məhyəddinov, Cəlal Mövlud (Beybudov), Mirnəsihət Mürsəlov, Yusif Quliyev, İltifat Bağban, Bəhmən Mehmanoğlu, Əhməd Qala Vəlizadə, Hidayət Təbib, Azad Məlikzadə, Sərastan Əliyev, Seyid Malik, Mahir Mirişli, Nəimi Duyğun, Bağış İsmayılov, Dilqəm Zeynalov, Əlibala Mirzəyev, Ağalar Rəhimoğlu, Zamiq Həsənli, Arif Adəmoğlu, Firudin Rüstəmov, Fərhad Əliyev, Tapdıq Abdulla, Zakir Əlizadə, Şamil Rza, Əziz Tənha (Babayev), Elmin Bədəlov, Turan Əziz və başqalarının şeirləri ədəbi toplularda və ayrıca kitab halında çap olunub. Bölgə ədəbi mühitində məlum tarixi hadisələrlə bağlı Qarabağdan Biləsuvara köçüb gəlmiş şair və yazıçılar da fəallıq göstərirlər. Seyid Malik (İbrahimov) Laçının Oğuldərə kəndindəndir. Biləsuvarın Arazbari kəndində müəllim işləyir. “Qarabağın qara günü” və “Sevə bilsəm ayrılığı” adlı kitabları çap olunub. Pərvanə Rasimqızı (Quliyeva) isə Ağdamın Gülablı kəndindəndir. Biləsuvarın Səmədabad kəndində məskunlaşıb. Pərvanə, Vətən həsrətli hekayələr yazır.
Əlibala Hacızadə, Əhmədağa Muğanlı və Pərviz (Cəbrayıl) respublikanın məşhur nasirləridir, onların əsərləri sevilə-sevilə oxunur. Əlibala Rəhimov, Seyidağa Seyid Sadiq (Quliyev), Abbas Savalan, Tofiq Kazımov, İbrahim Vahabov, Ağamirzə Qızdırmalı (Babayev), Cəfər Şıxcan, Amin Nəzərli və başqalarının da nəsr əsərləri ədəbi orqanlarda və ədəbi toplularda işıq üzü görüb. Şair-publisist Seyidağa Seyid Sadiqin “Sizə vacib sözüm var”, “Muğan yarpaqları”, “Anamın göz yaşları”, “Qatarda”, “Söz və sözün qüdrəti”, “Müqəddəslər ocağında”, “Müqəddəs Mirtaha ocağında”, “Mübarizlər Mübarizi”,”Qoru bizi Allahım”, “Zəfər çalanda”, “Layiqli söz axtarıram”, “İnsanın insanlıq dəyəri” adlı kitabları çap olunub. Məhsuldarlığı ilə seçilən yazarlardan biri də Müşfiq Malik Muğanlıdır. Onun “Məndən sonra”, “Ruhum sənin nəfəsindir”, “İlahi, anam necədir?”, “Rəbbimlə söhbət”, “Mübarizdən sonra”, “Allahı sevməyə gəldim” və başqa kitabları oxucuların ixtiyarına verilib.
Bölgədə xanım yazarların xüsusi hörməti var. Mətanət Poladlı, Lətifə Qəmli (Əhədova), Gülnaz Qocayeva, Şəlalə Xankişiyeva, Zülfiyyə Quliyeva, Tamaşa Vəliyeva, Bəstiqız Bağırova, Səbinə Xosiyeva, Pərvanə Rasimqızı (Quliyeva), Fatimə Musazadə, Əfsanə Haqverdiyeva, Aynurə İsmayılova, Alimə Sucayeva, İradə Biləsuvarlı (Əliyeva), Fidan Səda (Ağazadə), Şəfa Sadıqova və başqalarının şeirləri müntəzəm olaraq çap olunur.
Tədqiqatçılardan Ağalar Rəhimoğlu (Ağayev), Mürtəza Həsənoğlu (Həsənov), İlqar Dadaşov da Biləsuvar ədəbi mühiti ilə əlaqə saxlamış, yazılarını bölgə ədəbi birliklərinin toplularında çap etdirmişlər. Fuad Biləsuvarlının internet saytlarında verdiyi məlumatlar da ədəbi mühit üçün maraqlıdır. Zakir Qaraşlı müdrik fikirləri toplayır, Cəlil Qurbanov isə fransız ədəbiyyatından tərcümələr edir. Onun “Mühacir ədəbiyyatı” seriyası ilə təqdim etdiyi “fransız dilli” azərbaycanlı qadın Ümmül-Banu Əsədullayeva haqqında yazı xüsusilə maraqlıdır.
Bu qısa arayışdan sonra Biləsuvar ədəbi mühitini təmsil edən şair və yazıçıların hər birinin haqqında ayrıca oçerk təqdim etməyə ehtiyac vardır.
