Biləsuvar respublikamızın aparıcı aqrar rayonları arasında daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınıb. Bu sahə həm də əhalinin məşğulluğunun təminatında böyük rol oynayır.
“Regionpress.az” xəbər verir ki, ölkədə pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində son illər rayonda mülkiyyətçilər tərəfindən bu sahəyə maraq yenidən artıb.
Belə ki, bu il rayonun pambıqçıları 1980 hektar sahədə “Azərpambıq” MMC ilə, 1727 hektar sahədə “Cotton Trade” MMC ilə, 1435.0 hektar sahədə “MKT İstehsalat Kommersiya” MMC ilə, 1000 hektar sahədə “P-Aqro” MMC ilə və 603,8 hektar sahədə isə “Aztəsərrüfat” MMC ilə müqavilə bağlayaraq əkin aparmışlar. Müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilmişdir. Nəticədə rayonda ümumilikdə əkilən 6745,8 hektar sahədən tam olaraq bitkinin çıxışı alınmış və pambıq sahələrində becərmə işlərinə başlanılmışdır.
Bu günlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov pambıq sahələrinə baxış keçirib. O, pambığın suvarılması, çıxışı və aqrotexniki qulluq göstərilməsi vəziyyəti ilə yerində tanış olub, mütəxəssislərlə birlikdə pambıq sahələrində bu sahəyə məsul şəxsləri dinləmişdir.
Görüşdə fermerləri narahat edən məsələlər müzakirə olunub, icra başçısı onların suallarına cavablandıraraq hər bir mülkiyyətçiyə məhsulun becərilməsi və yığımında uğurlar arzulayıb.