Bir müddət öncə ölkədə fəaliyyətə başlayan “Əkinçinin dostu” Tədris, Araşdırma və Təcrübə Mərkəzi Türkiyənin “EMA” şirkəti tərəfindən ( şirkət bu ölkədə pestisid sənayesinin lideri “HEKTAŞ”la sıx əməkdaşlıq edir) təməli qoyulub. Azərbaycanda bu cür mərkəzlərin ilk dəfə yaradılması ilə fermerlərin özlərini inkişaf etdirməsi və ölkə iqtisadiyyatına mühüm töhfələr verməsi üçün səylərini sürətləndirməyi hədəfləyir.
Sözügedən mərkəz Biləsuvar rayonunda yaradılıb. Biləsuvar DAİM – in yaxınlığında 2 hektar ərazidə, hər bir şəraitlə fəaliyyətini məqsədəmüvafiq şəkildə genişləndirməkdə olan “Əkinçinin dostu”nun hədəfi müasir innovativ yeniliklərin tədbiqi ilə fermer təsərrüfatlarında səmərəliliyə nail olmaqdı. Mərkəzin rəhbəri Mikayıl Soltanov “Regionpress.az” a görülən
işlər haqqında danışarkən aşağdakıları qeyd etmişdir:
– Azərbaycan Prezidenti İlham Əliyevin reallıqları nəzərə alaraq, fəaliyyətinin ilk günlərindən xüsusi diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri də respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində son illər respublikamızda əhalinin ərzaq məhsulları ilə təminatında yerli istehsalın rolu xeyli yüksəlmişdir. Artıq kartof, bostan, meyvə, tərəvəz məhsullarına görə adambaşına istehlak norması tam daxili istehsal hesabına ödənilir, Azərbaycan Respublikası bu sahədə idxalçı ölkədən ixracçı ölkəyə çevrilir.
Bu gün ölkədə aqrar sahəyə göstərilən davamlı dövlət dəstəyi fermer təsərrüfatlarının inkişafına əlverişli yeni imkanlar açıb. Biləsuvarda açılan “Əkinçinin dostu” mərkəzinin bənzərini Azərbaycanın bir çox şəhərlərində qurmağı planlaşdıran şirkətimiz fermerlərə özlərini inkişaf etdirməsi və ölkə iqtisadiyyatına maksimum töhfə verməsi üçün dəstək olacaq.
Biləsuvarlı əkinçilərin dostları üçün rayona cənubdan girişdə, onlar üçün ayrılmış sahədə 23 məhsulun sınaq əkinlərini sınaq məqsədilə aparılıb, inkişaf fazasında olan yeni bitki sortlarının iqlim şəraitinə uyğunluğu araşdırılır. Pestisid sənayesinin lideri “EMA” QSC tərəfindən fermerlərin daha səmərəli və dəqiq istehsal texnikalarını öyrənmələri üçün Biləsuvarda yaradılan Kənd Təsərrüfatı İnnovasiyaları Təlim və Təcrübə Mərkəzində təlim zalı, laboratoriyalar və satış ofisi yaradılıb.
Mərkəzə gələn fermerlər müxtəlif becərmə texnikası və təcrübələri üzrə təlimlərlə yanaşı, ağıllı əkinçilik texnologiyaları ilə tanış olmaq imkanı əldə edər. Təcrübə sahələrində məhsuldar toxum sortlarının sınaqlarını görə biləcək fermerlərə əkin, suvarma, pestisid və gübrə tətbiqləri barədə də məlumat veriləcək. Azərbaycan fermerləri, aqronomları və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu Mərkəzdə praktika və təlimlər keçməklə, aqronom dəstəyi ilə əlaqəli bilgi və təcrübə paylaşımı edə biləcəklər.
P:S: Becərmə işləri Nəzakət xanım (Ağayeva) tərəfindən yüksək səviyyədə içra olunub.