Atası uzun müddət, 20 il 1 saylı Göytəpə tam orta məktəbinin direktor işləmiş, özü isə 2 dəfə direktor vəzifəsini icra edən şəxs niyə həbs edilib?
1800 nəfərdən artıq şagirdi, 100-dən artıq müəllimi olan Cəlilabad Rayon V. Mürsəlov adına Göytəpə Şəhər 1 saylı tam orta məktəbi son illər bir qaynar qazana bənzəyir. Yarım başlıqda qeyd etdiyimiz kimi bu məktəbə 20 ildən artıq Bəxtiyar Cəfərov rəhbərlik edib. Daha sonra bu vəzifə onun oğlu Seymur Cəfərova həvalə edilir. Arada həmin məktəbin direktoru o məktəbdə müəllim işləyən Zaur Kəngərli olsa da, 2021-2022-ci ildə məktəbin direktorluğa yenə S. Cəfərova həvalə edilib. Şikayətlər, narazılıqlar, saxtakarlıqlar bu məktəbdən əskik olmayıb. Hətta bu məktəbdə müəllimin döyülməsi barədə məlumatlar dolaşır.
Əldə etdiyimiz məlumata görə həbs edilən sabiq direktor əvəzi əvvəllər özəl Naxçıvan Universitetinə daxil olsa da, daha sonra Azərbaycan Dövlət Dillər Universitetinə yerdəyişmə edilib və ingilis dili ixtisasına yiyələnib. Dioqnastik Qiymətləndirmədə ixtisasdan 11 olmaqla, cəmi 14 bal yığıb.
Aldığımız məlumata görə, Regional Lənkəran-Astara Təhsil idarəsi son aylar bu məktəbdə ciddi yoxlamalar keçirib və bu yoxlamaların nəticəsi Cəlilabad məhkəməsinə qədər “irəliləyib”.
Son məlumata görə Cəlilabadda məktəbin direktoru vəzifəsini icra edən Seymur Cəfərova cinayət işi açılıb.
Bu barədə Sitat.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbdə baş vermiş qanunsuzluqlar barədə cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İstintaq zamanı Seymur Cəfərovun qeyd olunan məktəbin direktoru vəzifəsini icra etdiyi 2021-2022-ci illər ərzində xeyli miqdarda dövlət vəsaitini mənimsəməsi və vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Seymur Cəfərova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 ( qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Bu il iyulun 13-də Cəlilabad rayon məhkəməsində keçirilən iclasda isə o, məhkəmə zalındaca həbs olunub. Ona 2 il 6 ay 14 gün cəza verilib.
Cenub.az. Zahir Əmənov