İmam Hüseyn (Ə) öz şəhadəti ilə bizə azadlığın qiymətini və dəyərini Allah yanında necə böyük bir məqam olduğunu anlatdı. Azad insanın heç vaxt şeytanın istədiyi zillətə qul olmadığını, nəfsani istəklər bər-bəzəyin qarşısında əyilmədiyini nümayiş etdirdi. Haqq yolunda olduğuna inanaraq, özünü və ən çox sevdiyi yaxınlarını Allah yolunda qurban verdi. Onun “ Şərəfli ölümü zillətlə yaşamaqdan üstündür” kəlamı dünyanın bütün azadlıq sevər insanlarına ibrət dərsi oldu.
Hindistan azadlıq hərəkatının başçısı Qandi yazır: “Mən dünyanı gəzdim, öz xalqım üçün azadlıq sevərlərin simvolu olan Hüseynin şəhadəti məktəbini hədiyyə gətirdim. İmam Hüseyn məktəbi bizlərə axirət dünyasına inam dərsi öyrədir. Axirətə inam dinimizin bünövrəsini təşkil edən əsas etiqadlardan biridir. Belə ki, cənnət və cəhənnəm həqiqətdə İlahi ədalətin simvolu sayılır. Allah Qurani – Kərimdə buyurur: “Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli – yerində, bir – birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir” (Hicr 85).
Belə ki, qiyamət gününə və axirət dünyasına olan inam, bizi daim öz əməllərimizdə diqqətli olmağa sövq edir. İmam Hüseynin (Ə) Aşuarası da, məhz insanları əbədi həyata doğru səsləmişdir, Müslüm İbni Əqlinin şəhadət xəbərini İmam Hüseynə (Ə) çatdırdıqda buyudu: “Əgər dünya dəyərlidirsə, axirət dünyası ondan da qiymətlidir”, həmçinin o Həzrət buyurur: “ Ölüm yalnız (bu dünyadan) o biri dünyaya keçid sayılır.” Allah yolunda çəkdiyimiz bütün çətinliklər insanı cənnətə və onun sonsuz, saysız – hesabsız nemətlərinə aparır. Onu da bilmək lazımdır ki, dinimizin çox əhəmiyyət verdiyi məsələlərdən biri də, insanların irqinə, milliyətinə və maddi şəraitinin yüksək olmasına görə deyil, ləyaqət, mədəniyyət və insani keyfiyyətlərinə görə qiymətləndirilməsidir.
Böyük və əzəmətli məktəb olan Aşura qiyamında İmam Hüseynin (Ə) tərəfdarları da məhz bu meyar əsasında davaranmışlar. Tarixdən gələn rəvayətə görə oğlu Əli Əkbər can verərkən, onun başının üstünə gəlir oğlunun mübarək üzündən öpdükdən sonra, üzünü onun üzünə qoyaraq, dua və səna edir və həmin gün İmam başqa qulunu şəhid olarkən onun başının üstünə gəlir, yenə də üzünü onun üzünə qoyur dua edir. Gördüyünüz kimi İmam Hüseyn öz doğma oğlu ilə bunun arasında heç bir fərq qoymadan, onlara ləyaqətlərinə görə davrandı. Bu da bizə, insanlara gözəl əməllərinə və layiqli işlərinə görə dəyər verməyi öyrədir.
İmam Hüseyn qiyamı biz–insanlara Allahın hökmünə baş əymələrinin mahiyyətini başa salır. Allah əzəmətini tanıyan onun sonsuz qüdrətindən, elmindən və hikmətinədən xəbərdar olan bir şəxs heç vaxt Allah hökmünə qarşı çıxmaz və bütün əməllərə itaət edər. Belə bir şəxs həmişə Allahdan razı və Allah ondan razıdır. Qurani-Kərimdə buyurur: “ Həqiqətən iman gətirib, yaxşı əməllər edənlər yaradılmışların ən üstünüdür. Allahın hökmünə boyun əyənlərin ən gözəl nümunəsini Kərbala qiyamında görür. İmam Hüseyn Məkkə şəhərini tərk etdiyi zaman belə bir söz buyurur: “Allah nə istəyirsə biz- Əhli-Beyt ona razıyıq”
Gəlin Allahdan istəyək və dua edək. Allah bizləri Əhli-Beyti sevənlərdən etsin, dünya və axirətdə şərafətlərini bizlərə əta etsin. Xalqımıza sülh, əminamanlıq, bolluq və xoş günlər qismət etsin.
Amin Ya Rəbbil Aləmin!
Hacı Əlifağa Murtuzov,
Biləsuvar şəhər “Cümə” Məscidinin axundu