Orta məktəblərdə dərslərin başlanmasına sayılı günlər qalır. Bildiyimiz kimi, bu tədris ilindən orta məktəblərdə vahid məktəbli geyimi forması tətbiq olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Bəs görəsən Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn məsələlər Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən necə tənzimlənir?
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirildi ki, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarının icrası ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən yeni tədris ilinə hazırlıq prosesi istiqamətində müvafiq işlər görülməkdədir. Ötən tədris ilindən etibarən bununla əlaqədar valideynlərlə maarifləndirmə işləri aparılıb, ümumtəhsil müəssisələri tərəfindən keçirilən Pedaqoji şura iclaslarında məktəbli forması ilə bağlı müvafiq qərar qəbul edilib və valideynlərin də rəyi nəzərə alaraq təqdim olunan 4 geyim formasından biri seçilib. İdarə tərəfindən məktəbli formalarına əlçatanlığın təmin edilməsi üçün, eyni zamanda, bu mövzuda tələbatı ödəmək üçün rayonlar üzrə Bakı Tikiş Evi tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan bütün rayonlarda satış məntəqələri təşkil olunub.
Eyni zamanda, müxtəlif sahibkarlar tərəfindən də məktəbli formalarının satışı həyata keçirilir və bildirmək istəyirik ki, valideynlər üçün bununla bağlı hər hansı tələb və şərt yoxdur. Yəni valideynlər öz istəklərinə uyğun olaraq övladlarına istənilən mağazadan forma əldə edə bilər və ya tikdirə bilərlər. Hər bir məktəb tərəfindən seçilən vahid məktəbli forması azı 3 tədris ili həmin məktəbdə qüvvədə qalacaq”.
Sosial təminatı zəif olan ailələr üçün məktəbli formasının təmin edilməsi ilə bağlı hər hansı digər yanaşmanın olub-olmaması barədə suala isə idarədən belə cavab verildi: “Məktəbli formasının təmin edilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Həmin qərarda qeyd edildiyi kimi, vahid məktəbli formasının əldə edilməsi valideynin öhdəliyidir və sosial təminatı zəif olan ailələr üçün məktəbli formasının təmin edilməsi ilə bağlı hər hansı əlavə yanaşma yoxdur. Nazirlər Kabinetinin müvafiq nömrəli qərarına əsasən hər bir şagird məktəbli forması ilə təmin olunmalıdır”.
Cənub bölgəsi üzrə bir neçə məntəqədə satışa çıxarılan məktəbli formalarının keyfiyyəti ilə maraqlandıq.
Bakı Tikiş Evinin bölgə müdiri Yusif Əsgərzadə bildirir ki, regionda vahid məktəbli formalarının satışını onlar həyata keçirir: “Bizim məhsullar keyfiyyəti ilə digər məhsullardan seçilir. Valideynlər məktəbli formalarını alarkən geyimlərin keyfiyyətinə, tikilişinə çox diqqət etməlidirlər. Çünki ucuz və keyfiyyətsiz geyimlər uşaqlarda bir çox dəri xəstəliklərinin yaranmasına səbəb ola bilər”.
Valideyn Məleykə Ağayeva: “Geyimlərin keyfiyyətinə söz ola bilməz, üç övladımın hər birinə bu geyimlərdən aldım. Çox gözəl və səliqəli tikilib. Məktəbdən isə seçilən geyim forması barədə bütün valideynlərə məlumat verilib. Tövsiyə olundu ki, valideynlər özlərinə yaxın olan mağazadan övladları üçün müvafiq formaları əldə etsinlər”.