Rayonumun küçələrində səkisizlik problemi ilə rastlaşanda Bakımızın şüşətək səkilərini həsədlə xatırlayırdım. Hətta jurnalist olduğumdan qınayanlar olardı: “ Elə həmişə tərif yazırsınız, problem yazmaqdan qorxursunuz?..”.
Əslində, bu səki mövzusunda bir çox yazılarım var. Heydər Əliyev prospektində (müəyyən məsafədə) tikilən piyada səkisinin “yaraşıq” olduğunu, piyadalar üçün əhəmiyyətsizliyindən yazarkən dostlardan biri mənimlə uzun müddət küsülü də qaldı. Bilirsiniz niyə?. Buradakı mənzərəni kadra köçürərkən, təsadüfən iri, dolu bədən qurluşlu bu dostumuz kadra tuş gəlmişdi. Səkidə quraşdırılan işıq dirəyi onsuzda eni az olan səkini daraltdlğından o, çətinliklə keçdiyi hissədən lentə alınmış fotosunu qəzetdə verilməsini istəmirdi.. .
Beləcə, zaman-zaman Biləsuvar şəhərindəki səkisizlik haqda düşünərkən, nəhayət ötən ildən M. İbrahimov, Heydər Əliyev və Nizami küçələrinin bir hissəsində səkilərin yenidən döşənməsini təqdir etməyimə dəyər.
Söz, mətbuat azadlığının yeni inkişaf mərhəlisində televiziyalar, saytlar xəbər janrına daha çox müraciət edirlər. Baş verən hadisəni ilk vermək uğrunda birincilik mübarizəsi aparırlar. Bakı juranlistləri əyalətlərdə olan çatışmamazlıq və problemlər haqqında yazılar yazmaqda daha çox maraqlıdırlar. Qarşılaşılan çatımamazlıqlar sensasion formada manşetlərə çıxarılır.
… Bakı şəhərinə yolum düşəndə, adətən ikinci Alatavaya da yolumu salmalı oluram. Ancaq 20 Yanvardan 1 km.məsafəni getmək böyük səbr və diqqət istəyir. Piyada səkisini kafe və dönərxanalar, maşın təmiri sexləri, duracaq yeri seçilən maşınlar zəbt etdiyindən maşın yoluna şərik çıxırsan. Hətta səkidə qəssab dükanının kəsimə hazırlanan buğasına da rast gəlmək mümkündür. Bu mənzərəni görəndən sonra, səki mövzusunda (rayonda olan) problemə toxunmağa daha həvəsim qalmadı.. .
… Bəlkə bura Bakımızın mərkəzi deyil, gözdən uzaq qəsəbələrindən biridir, heç şütüyən nəqliyyat vasitələrində paytaxtda kök salan media subyektlərində çalışan dəyərli həmkarlarımıdan görəsən olmurmu?. Bu fikirlərlə ayaq saxalyıb, düşünürəm: hardasınız Bakımızın jurnalistləri ?.. Araşdırma çox vaxt aparsa belə, bu ən azından bir sujetin materialı deyilmi?.
… Hə…Bakıda olarkən Semaşkaya getmək üçün 83 saylı avtobusu gözləməli oluram.. Bir xeyli gözləmədən sonra nəhayət gəlib çıxır. Sərnişinlər ət-ətədir, növbətisini gözləməli oluram. Eyni mənzərəni görəndə, yaxınlıqdakı ağsaqqal bildirir ki: “ay bala “83” əksər vaxtlarda bu vəziyyətdədir, gözləmə, bir təhər sən də özünü avtobusa pərçim elə, ya da taksi çağır.. .”
Surxay Şahbazov,
Biləsuvar rayonu