Aqrar Sığorta Fondu və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvarda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
“Regionpress.az” xəbər verir ki, tədbirdə Bləsuvar rayonu ilə yanaşı Sabirabad, Saatlı, İmişli, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonlarından olan fermerlər iştirak edib.
Tədbirdə müxtəlif təbiət hadisələr zananı fermerlərə dəyən zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyətindən söz açılıb. Qeyd edilib ki, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.
Regional tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov rayonda aqrar sektorun, cümlədən əkin sahələri və heyvandarlıq təsərrüfatlarının inkişafı barədə məlumat verib. O əkin sahələrinin qorunması üçün fermerləri aqrar sığortadan faydalanmağa dəvət edib.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov qeyd edib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb, nəticədə bu il sığorta ödənişləri daha da artacaq. Aqrar Sığorta Fondu hadisələri qarşılamaq üçün zəruri ehtiyatları yaradıb və fermerlərə dəyən zərərin ödənilməsinə başanılacaq. Fond rəsmisi bu məqsədlə artıq, Aqrar Sığorta Fondu tərəfindən sözügedən regionlar üzrə 532 min manat sığorta ödənişi edilib. Hazırda quraqlıq risklərindən sığorta üzrə yeni mexanizmin hazırlanması üzərində işləyirik və bununla bağlı Fond tərəfindən qardaş Türkiyənin TARSiM sisteminin təcrübəsi öyrənilir.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri, Biləsuvar rayon icra hakimiyyətinin rəsmiləri, eləcə də rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbərləri quraqlıq, sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər. Eləcə də müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti, aqrar sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı fermerlərin məlumatlandırılması ilə bağlı suallar səsləndirilib.
Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev tədbirdə çıxış edərək fermerləri aqrar sığortadan faydalanmağa çağırıb, eləcə də bu mövzuda bir sıra təkliflərini səsləndirib.
Tədbirdə Aqrar Sığorta Fondunun Lənkəran-Astara filialının rəhbəri Rafət Əsgərov qarşıdan payızlıq əkin mövsümünün gəldiyin xatırladaraq fermerləri vaxt itirmədən əkin sahələrini sığorta etməyə çağırıb. Bildirilib ki, Şirvan-Salyan, Mil-Muğan və Lənkəran-Astara regionlarında regionunda 1000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 7,4 manat məbləğində sığorta ödənişi tələb edilir, meyvə bağlarının sığortalanmasında isə bu məbləğ 1000 manatlıq məhsul üzrə 8-16 manat arasında dəyişir.
Görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.