Baş Prokurorluq Astara şəhərində konfrans keçirib

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Astara Şəhidlər xiyabanını ziyarət ediblər.

İştirakçılar Astara rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar.

Astara rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Murad Dadaşov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi Lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib. Bildirilib ki, Heydər Əliyevin müasir dövlət quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında işgüzar tədbirin Astara şəhərində təşkilindən məmnunluğunu ifadə edib.

Konfransda, həmçinin Astara rayon prokuroru Əli Əliyev, Milli Məclisin deputatları Rəşad Mahmudov və Ziyafət Əsgərov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verdiyi dəyər, Ulu Öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında danışıblar.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və bunun nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş “İlham” sənədli filmi nümayiş etdirilib.

 

Related posts

Leave a Comment