Biləsuvarda GPON texnologiyası əsasında yeni rabitə şəbəkəsinin qurulması son mərhələdədir

Biləsuvar rayonunda rabitə infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə keyfiyyətli rabitə və yüksək sürətli internet xidmətlərinin göstərilməsi məqsədilə görülən işlər sürətlə davam etdirilir.
“Regionpress.az” xəbər verir ki, bu sahədə 2023-cü ildə Biləsuvar şəhərində başlanılan işlərin yekunu olaraq ilin sonunda artıq şəhərin bütün küçələrində və yeni yaşayış massivlərində ev təsərrüfatlarını sürətli internetlə və dayanıqlı rabitə ilə təmin edən müasir GPON şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilib.
Hazırda bu istiqamətdə bütün kəndlərdə kompleks işlərə başlanılıb. Kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr həyata keçirilir. Artıq Xırmandalı və Əliabad kəndlərində ümumilikdə 2650 ev təsərrüfatına xidmət göstərəcək dayaqlar basdırılmış, fiber-optik kabellərin çəkilişi başa çatdırılmışdır. Hazırda abonentlərin şəbəkəyə qosulması prosesi davam etdirilir.
Əsgərabad, Çaylı, Bağbanlar, Zəhmətabad, Dərvişli kəndlərində rabitə dayaqları basdırılmış, kabelləşmə işləri aparılır.Qalan digər kəndlərdə isə rabitə xətlərinin çəkilişi üçün nəzərdə tutulmuş dirəklərin basdırılması işləri davam etdirilir.
Sözügedən kəndlərdə aparılan işlər yeni yaşayış ərazilərinin salınması, genişləndirilməsi və yeni abunəçilərin say artımı nəzərə alınmaqla qurulur ki, bu da öz növbəsində abunəçilərə daha geniş çeşiddə xidmətlərdən istifadə imkanı yaradacaq, rəqəmsal bərabərlik təmin olunacaq.
“Aztelekom” MMC tərəfindən həyata keçirilən işlərin tam olaraq bu ilin üçüncü rübünədək başa çatdırılması nəzərdə tutulmuşdur.

 

 

Related posts