Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan qadınlarının Vl qurultayı ilə əlaqədar toplantı keçirildi.
“Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən toplantıda Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova və rayonun müxtəlif sahələrində çalışan ictimai fəal qadınlar iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu öndər Heydər Əliyevin və dövlət müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova Azərbaycan qadınlarının tarixən milli varlığımızı özündə əks etdirdiyini, mədəni dəyərlərimizin əsrlərdən bəri qorunub saxlanılmasında misilsiz xidmətlər göstərdiyini və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olduğunu, ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədiyini vurğuladı.
L. Yüzbaşova qeyd etdi ki, Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir: “Ölkəmizdə qadın siyasətinin möhkəmləndirilməsi və qadın hüquqlarının qorunması istiqamətində Ulu Öndər Heydər Əliyev və cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən əhəmiyyətli tədbirlər, qəbul edilmiş hüquqi əhəmiyyətə malik qərarlar dövlət qadın siyasətinin prinsiplərinin müəyyən olunmasında əvəzsiz töhfələr bəxş etmişdir.”
Toplantıda çıxış edən şəhid anası Ayna Tağıyeva, Biləsuvar Qadın Resurs Mərkəzinin koordinatoru Natəvən Əzizova, N.Nərimanov adına Biləsuvar şəhər 6 nömrəli tam orta məktəbin direktoru Nurəngiz Bədəlova, Yovşan klinikasının rəhbəri Xoşbəxt Ağayeva respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən bəhs etdilər.
Toplantıda çıxış edən qadınlarla bərabər bir qrup fəal qadınlar da ailə problemləri, erkən nikahın fəsadları, gender bərabərliyi, qız uşaqlarının təhsildən yayınması, habelə məişət zorakılığının qarşısının alınması, qadın hüquqlarının daha etibarlı müdafiəsi və bu kimi aktual məsələlər müzakirə etdilər, müxtəlif təkliflər dinlənildi, sonda Ulu Öndər Heydər Əliyev və qadın siyasətinə həsr olunmuş videomaterial nümayiş olundu.