Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
“Aydındır ki, Zəfərimizdən doğan yeni reallıq tələbləri də dəyişib, hədəflərimiz də 3 il əvvəlki hədəflər deyil və 2017-ci ildən start verilən, böyük uğurlara aparan islahatların yeni mərhələsində olduğu kimi, cənab İlham Əliyev bu dəfə də reformu zirvədən başlayır. Bu, əslində siyasi mədəniyyətin zirvəsi deməkdir. Necə ki, böyük Heydər Əliyev topsuz, tüfəngsiz, ordusuz, yalnız xalqa – ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, cənab İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, eyni zamanda xalq üçün bir fürsətdir ki, 20 ildir, bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə öz minnətdarlığını çatdırsın! Çünki bu ölkəyə ən azı son 105 ildə xəyanətkarı da, acizi də, torpaq satanı da, məğlubu, fərarisi də rəhbərlik edib, amma biz ilk dəfədir ki, bütün suveren ərazilərimizi əhatələyəcək seçkilərdə qalib sərkərdəyə səs verəcəyik. Qalibləri seçmək bu xalqın haqqıdır! Proseslərə fərqli don geyindirilməsi, aidiyyatsız məqamlarla əlaqələndirilməsi isə yersizdir. Ümumiyyətlə, bir zamanlar çevrilişlə hakimiyyət zəbt etmiş, bu gün isə pozuculuq edən antimilli ünsürlərin, yaxud siyasi nihilistlərin 7 fevral növbədənkənar prezident seçkilərini hətta şərh etməyə belə mənəvi haqqı yoxdur. Xalq yaxşı anlayır ki, bu siyasətin alternativi yoxdur və fevralın 7-də bunu bir daha dünyaya nümayiş etdirəcək”, – deputat bildirib.
Aytəkin Qardaşova (Pravda.az)