İstedadlı rəssam Nurəddin Nəzərov  dünyasını dəyişib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Rəssam, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan Nurəddin Nəzərov bu gün faciəli şəkildə dünyasını dəyişib.

Azərbaycan incəsənətinin rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlardan biri olan Nurəddin Nəzərov öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, maraqlı ifadə üslubu ilə seçilən sənətkarlardan idi.

Nurəddin Ənvər oğlu Nəzərov 1958-ci il avqust ayının 30 da Neftçalada dünyaya göz açıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra fəaliyyətini doğma rayonunda davam etdirib. Qeyd etmək lazımdır ki, Nurəddin Nəzərov Neftçala rəssamlıq məktəbinin yaradıcısı Adil Hacıyevin şagirdi olub. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın dəfələrlə fərdi sərgiləri təşkil olunub.

İstedadlı rəssam yaradıcılıq fəaliyyəti dövründə rəssamlığın müxtəlif mənzərə, portret, batal, animalistik, tematik tablo janrına müraciət edib. Ayvazovski, Surikov, Repin kimi dahi rəssamların dəst-xəttindən ilhamlanan rəssam çox gözəl mənzərə janrında marina əsərlərin müəllifi idi. Əsərlərindən “Kür”, “Sonuncu ev”, “Yusif Məmmədəliyev”, “Qız qalası”, “Kleopatra”, “Min bir gecə”, “Qayıqlar”, “Qoca balıqçı”, “Avtoportret”, “Qladiator” rəsmlərini nümunə göstərmək olar. Rəssamın əsərləri Neftçala Dövlət Rəsm Qalereyasında və Tarix Diyarşünaslıq Muzeyində sərgilənir.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin kollektivi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Related posts

Leave a Comment