Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Milli Qəhərəman Mübariz İbrahimovdan və atası Ağakərim İbrahimovun düşüncələrindən bəhz edən kitabların təqdimatı keçirilib.
“Regionpress.az” xəbər verir ki, təqdimatda Mübariz ibrahimovun valideynləri , tanınmış elm adamları, ziyalılar və Xəzər rayon 26 saylı tam orta məktəb və Milli Qəhrəman Mübariz İbrahimov adına uşaq bağçasının müəllim kollektivi iştirak edib.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğlu açıq elan elədikdən sonnra ilk sözü “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” kitablarının layihə rəhbəri və məsləhətçisi Ağakərim İbrahimova verib. Şəhid atası çıxışında şəhidlərimizə verilən dəyərə görə ölkə rəbərliyinə, xalqımıza minnətdarlığını ifadə edib. O, bildirmişdir ki, birliyimiz düşmən üzərində qələbə çalmaqda necə əvəzsiz olmuşdursa, bundan sonra da tarixin çətin anlarında bir olub ölkəmizi qorumalıyıq ki, düşmənlərimiz sevinməsin. Kitabın müəllifi AYB- nin üzvü, Prezident təqaüdçüsü, şair, yazıçı, publisist Müşfiq Malik Muğanlı çıxışında bildirmişdir ki, hər iki kitabın ərsəyə gəlməsi üçün Ağakərim İbrahimovla bir müddət idi ki, məsləhətləşirdik: “ Bu kitabların ərsəyə gətirilməsində məqsədimiz Mübarizin ölməz qəhrəmanlığına bir daha çalarları ilə nəzər salmaq, gənclərin stolüstü kitabı olmasına nail olmaq olub”.
Təqdimatda Millət vəkili Günay Ağamalı, şair Baba Vəziroğlu, professor Seyfəddin Rzasoy, AYB-nin kadrlar şöbəsinin rəhbəri Arifə Əliyeva, AYB-nin Mətbuat Xidmətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas alim Bilal Alarlı, şair Xəyal Rza, Elm və təhsil Nəşriyyatının direktoru İnal Məmmədli və başqaları çıxış edərək ürək sözlərini bölüşüb, müəllifləri təbrik edib.
Sonda xatirə şəkli çəkdirilib.