Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə “Narkomaniya əsrimizin bəlasıdır!” mövzusunda şagirdlərlə görüş təşkil edilib.
“Regionpress.az” xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov bildirib ki, narkomaniya, narkotiklərin qanunsuz istehsalı və yayılması bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli və qlobal problemlərdəndir: “Təəssüflər olsun ki, bu ümumbəşəri problem ölkəmizdən də yan keçməyib. Narkotiklərin cəmiyyət üçün təhlükəsi artdıqca onunla mübarizənin gücləndirilməsi zərurəti də artır və aktuallaşır. Buna görə də narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə təkcə dövlətin və hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin və onun hər bir fərdinin qarşısında duran ən vacib məsələlərdəndir.”
Tədbirdə digər çıxışlar da dinlənilib, qeyd olunub ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə təkcə dövlətin və hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin və onun hər bir fərdinin qarşısında duran ən vacib məsələlərdəndir.
Sonda mövzu ilə əlaqədar videoçarx məktəblilərə nümayiş etdirilib.