“… Əkiz tayını kəsib itə verdilər, yemədi, ancaq mən sağaltdım”
“Bir gün məni qoyunlara vaksin vurmağa aparmışdılar, tövləyə yaxınlaşanda təsərrüfatdan çıxdaş edilərək, kənarda saxlanılan qoyunu soruşanda, dedilər ki, çiçək xəstəliyinə yoluxub, o biri tayı da bu cür xəstə idi, kəsib itə atdıq, heç it də yemədi. Dedim ki, bunu mənə həvalə edin. Həmin sısqalmış qoyunu 10 günlük müalicəylə sağaltdım, artıq o müddətdən sonra iki bala da verib.”
Sonradan tanıdığım, Röyal Bayramzadənin bu söhbətini eşidəndə istər-istəməz, ayaq saxlayıb, belə istedadlı gənc baytar həkimi tanımaq, onunla yaxından tanış olmaq həvəsi yarandı məndə. Axı, bu vaxtadək çox eşitmişik ki, gənclərədə baytarlıq ixtisasına maraq yoxdur. Xüsusilə, gənclər ali məktəbləri hədəf alarkən aqrar sahə ilə bağlı peşələr çox vaxt arxa planda qalır.
İndi baytar həkimlərimiz əsasən yaşlı nəslin nümayəndələridir, onların da sayı getdikcə azalır. Xüsusilə hazırkı dövrdə bölgələrdə intensiv təsərrüfatlarda savadlı, müasir metodlarla işləmək bacarığı olan kadrlara ciddi zərurət var… .
Elə son illər bu sahədə olan ehtiyaclar nəzərə alınaraq dövlət aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatının bu və ya digər sahələri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasında beynəlxalq təcrübəni əsas tutur. Məhz bu məqsədlə baytarlıq peşəsinin potensialının və cəlbediciliyinin təbliği artıq öz bəhrəsini verməkdədir. Baytarlıq ixtisası üzrə təhsil alanların sayında nəzərəçarpacaq artım müşahidə olunur.
Gənclərin müvafiq peşələr üzrə əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarını genişləndirmək məqsədilə “Gənclərin Peşə Hazırlığına Dəstək Proqramı”na start verilir. Azərbaycan Respublikasının Gənclər Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi gənclərin peşə bacarıqlarının inkişaf edərək əmək bazarında rəqabətə davamlı kadr kimi formalaşması məqsədilə birgə əməkdaşlığa başlayıb.
Qayıdrıq 26 yaşlı Röyal Cavid oğlu Bayramzadənin heyvanlara olan sevgisinə… Birinci Qarabağ müharibəsi qazisi ailəsində dünyaya göz açan Röyal 1997-ci il təvəllüdlüdür. Uşaq yaşlarından sakini olduğu Ağalıkənd kəndində zəhmətə alışıb. Təsərrüfat işlərində daima atasının yanında olub. Deyir ki, təsərrüfatda mal-qara, qoyun-quzular xəstəlik keçirəndə, həkimlərin müalicəsini yaxından izlədikcə, praktik olaraq bir çox müalicələrin öhdəsindən gəlməyi öyrəndim: “Artıq orta məktəbi bitirəndə baytarlıq təhsili almaq həvəsimi qətiləşdirdim. 2015-ci ildə orta məkəbi başa vurub, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin baytalıq fakültəsinə qəbul oldum. Bu təhsil müəssisəsində 4 il təhsil almağım mənə baytarlıq sahəsində müalicə üsulları və profilaktika vasitələrinin axtarılması istiqamətində dərindən biliglər verdi: “Baytarlıq elmində əldə olunmuş yeni nailiyyətlərin təsərrüfatlarda geniş tətbiq edilməsi müvəffəqiyyətlə həyata keçirilir. Təhsil aldığım müddətdə müəllimim Əli Oğulovun bu elmi bizə yaxından aşılaması mənə peşəmi daha çox sevdirdi. Onun sayəsində baytarlıq cərrahiyyəsində, müalicə-profilaktika tədbirlərinin hazırlanıb təsərrüfatlarda tətbiqinə dərindən yiyələndik.”
Təhsilini başa vurduqdan sonra yaşadığı kənddə baytar həkim olaraq fəaliyyəyə başlayan R.Bayramzadə artıq üç ildir, təsərrüfat sahiblərinə xidmət göstərir. İri və xırda buynuzlu hevanların proflaktiki müalicəsində, mövsümü xəstəliklərə qarşı mübarizə tədbirlərinin vaxtında həyata keçirilməsində yorulmadan çalışır. Röyal həkim qısa fəaliyyəti müddətində digər yeniliklərə də nail olub. Deyir ki, doğulan 5 ayaqlı buzovu qoymadım ki, təsərrüfatdan çıxdaş etsinlər, müvafiq tibbi vasitələrin tətbiqi ilə heyvanı incitmədən beşinci ayağın amputasiya edərək, sağlam şəkildə böyüməsini təmin etdim. Yaşıl yem kütləsindən bəzən heyvanlarda köpmə halları baş verir. Bu zaman plastik borudan istifadə etməklə vəziyyətdən çıxarıram. Bu gün Röyalın fədakar fəaliyyətinin daha bir göstəricisi , iri buynuzlu və xırda buynuzlu heyvanlarla yanaşı atlara və xəstə itlərə də yardım göstərə bilməsidir.
Unutmayaq ki, heyvanları sevməyənlər, insanları da sevə bilməzlər. Bunun təməli isə Röyal həkim kimi nəinki gənclikdən, elə uşaq yaşlarından qoyulur.
Qələmə aldı: Surxay Şahbazov