Salyan rayonunda “Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu” layihəsinin təqdimatı olub.
“Regionpress.az” xəbər verir ki, layihənin açılış mərasimində layihə rəhbəri Firudin Tahirov, məktəb direktorları, şagird və valideynlər, məktəb müəllimləri iştirak edib.
Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi Salyan rayonunda sistemli olaraq fəaliyyət göstərəcək ““Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu”nun yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin, yarışların, hərbi düşərgələrin təşkil edilməsi ilə yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da inkişaf etdirməkdən və onlara ilkin hərbi nizam-intizam anlayışlarını aşılamaqdan ibarətdir.
Layihə çərçivəsində Salyan rayonunda “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin nəzdində daimi və sistemli olaraq fəaliyyət göstərə biləcək ““Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu” yaradılacaq.
Layihə bitdikdən sonra klubun işini təşkil edə biləcək klub rəhbəri və köməkçisi seçiləcək. Daha sonra isə 16 nəfər yeniyetmə və gənclər seçilərək klub təsis ediləcəkdir. Klubun 10 günlük fəaliyyətindən sonra iyul ayı ərzində ardıcıl olaraq ümumrayon səviyyədə 2 tədbir təşkil olunacaq. Yekunda isə 16 nəfərlik hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunacaq ki, burada klub üzvlərinə yeni həyati bilik və bacarıqlar aşılanacaq, onların vətəpərvərlik dəyərlərinin inkişaf etdirilməsinə dəstək olunacaqdır.
Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinun elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və 1 iyul-31 avqust tarixlərini əhatə edəcək.