ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun müəllifliyi ilə yeni tarix dərsliyi işıq üzü görüb.
“Regionpress.az” xəbər verir ki, türk xalqları və dövlətlərinin tarixindən bəhz edən dərslik “Azərnəşr” də yığılaraq “Şərq-Qərb” mətbəəsində çapdan çıxıb. İki cilddən ibarət kitabın ön sözünün müəllifi Milli Məclisin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevdir və onun maddi dəstəyi ilə işıq üzü görüb.
Kitabın birinci cildində türk xalqları və dövlətləri tarixinin qədim və orta əsrlər, ikinci cilddə isə yeni və müasir dövrləri əks olunmuşdur. Türk xalqları və dövlətlərinin qədim və orta əsrlər dövrünə aid mübahisəli məsələlərin mövcudluğu şəraitində yazılmış dərslik ümumiləşdirilmiş əsər olmaq etibarilə ən qədim dövrdən müasir dövrə qədərki hadisələri incəliklərinə qədər əhatə etməkdədir. Dərslik vasitəsilə tələbələrimiz qədim türklərin çoxminillik etnik və dövlətçilik tarixi, təsərrüfat həyatı və mədəniyyəti, bəşər tarixindəki mühüm rolu ilə tanış olacaqlar.
Həmçinin dərslik mövcud tədqiqatlara, o cümlədən ilkin mənbələrə, elmi araşdırmalar və ümumiləşdirilmiş əsərlərə əsaslanmaqla tədqiqat səviyyəsində yazılmışdır.
Dərsliyin hazırlanmasında əsas məqsəd türk xalqları və dövlətlərinin tarixini qərəzsiz və olduğu kimi tələbələrə çatdırmaq, bu tarix haqqında mövcud olan müxtəlif yanaşmalar haqqında məlumat verməkdir. Dərslik tarix müəllimləri, ali məktəb tələbələri, magistrlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Dərsliyin elmi redaktoru, ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru, prof. Sevinc Əliyevadır. BDU-nun Türk xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, prof. Əsməd Muxtarov, Türkiyənin Ege Universitetinin professoru Prof. Dr. Osman Karatay , Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Qabil Bəşirov və Azərbaycan Milli Tarix Muzeyinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Ağayev tərəfindən kitaba rəylər verilib.
Qeyd edək ki, kitabın müəllifi T.Cəfərovun daha öncə nəşr olunan, seçilən əsərləri bunlardır:
- Qondarma erməni soyqırımı faktların dili ilə. Bakı: Apastrof, 2015, 217 s.
- Erməni diasporu (dərs vəsaiti). Bakı: Elm və Təhsil, 2019, 229
- Ortak Türk tarihi. VI cilddə. Müəlliflər heyəti, Ankara 2000
- Erməni diasporunun antitürk fəaliyyəti. Monoqrafiya. Ankara: Akçağ neşriyyatı, 2021, 215 s.
- 40-dan artıq elmi məqalə.