Maddə 339. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması
339.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyatvasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
339.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsindəsüründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə-
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
339.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, yaxud baxılarkən süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə nəzəri vənəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə-
iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
339.4. Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən bu Məcəllənin 150.4-cü maddəsinin tələbləri pozulmaqla cərimənin inzibati xəta törətmiş şəxsdən müvafiq ödəniş sistemlərindən istifadə etmədən bilavasitə alınmasına görə –
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
339.5. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 122.1, 123.2, 124.1, 124.4 – 124.6, 125.4 və 126.3-cü maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu Məcəllənin 122.1, 125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməməsinə (yerləşdirilməməsinə) görə –
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.