Vətən müharibəsi günlərində irəli sürülən ideya

 Ötən həftənin şənbə günü, noyabrın 25-də Biləsuvarda keçirilən gözəl bir festivalda qonaq kimi iştirak etdik və xoş, yaddaqalan anlar yaşadıq. Bu festivala qonaq kimi dəvət alarkən, heç bir tərəddüd etmədən müsbət cavab verdik.

Yerli istehsalçılar öz əl işlərini festivalda sərgilədilər
Yerli istehsalçılar öz əl işlərini festivalda sərgilədilər

Çünki bəzi həmkarlarımın da qeyd etdikləri kimi şəhər və rayonlarda keçirilən bu cür mədəni-kütləvi tədbirlərdə iştirak əvvəla saf, təmiz, qonaqpərvər rayon insanları ilə görüşmək, söhbətləşmək imkanı yaradır.

Festivalda rayonun hər bir kəndinin təmsilçiləri üçün belə çadırlar qurulmuşdu
Festivalda rayonun hər bir kəndinin təmsilçiləri üçün belə çadırlar qurulmuşdu

Digər tərəfdən bir, yaxud iki günlük Bakının tıxaclı, səs-küylü, gərgin iş rejimli həyatından uzaq qalmaq beynimizə bir dinclik verir.

Çox maraqlı proqram və yüksək səviyyəli təşkilatçılıqla hazırlanan tədbir

Təklifi məmuniyyətlə qəbul etdim və Biləsuvarda olduğum iki gün ərzində ümumi qənaətim bu oldu ki, belə bir qərar verməkdə tamamilə doğru addım atmışam. Çünki qeyd etdiyimiz kimi, əvvəla bu festivala qatılmaqla rayonun və bölgənin mehriban, qonaqpərvər insanları ilə təmas qurmaq imkanı əldə etdik. Digər tərəfdən isə hər bir addımının zərgər dəqiqliyi ilə hesablanıb atıldığı, çox maraqlı proqram və yüksək səviyyəli təşkilatçılıqla hazırlanan bir tədbirin şahidi olduq. Bu festival barədə qənaətimizi yazının bəlli məqamlarında qeyd edəcəyik.

Festivala gələnlər diri hind toyuğunu da satın ala bilərdilər
Festivala gələnlər diri hind toyuğunu da satın ala bilərdilər

Hələlik isə onu bildirək ki, bu festivalı digər rayonlarda keçirilən anoloji tədbirlərdən fərqləndirən əsas məqamlardan biri onun tək rayon çevrəsi ilə məhdudlaşmaması, əslində bölgə tədbiri xarakteri alması idi. Biləsuvar rayon rəhbərliyi festivalda ətraf rayonlardan olan istehsalçıların, müxtəlif istehsalla məşğul olan icma təmsilçilərinin iştirakı üçün lazım olan bütün şəraiti yaratmışdı.

Rayon rəhbərliyinin yerli istehsalçılara xüsusi diqqəti

Yeri gəlmişkən, festivalın başlanmasına iki-üç saat qalmış Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun tədbirin keçiriləcəyi ərazini addım-addım gəzməsı, istər yerli, istərsə də digər rayonlardan gələcək istehsalçıların yerləşəcəyi məkanlarda bütün lazımi şəraitin yaradılması üçün göstəriş verməsi, hətta məhsulların yerləşdiriləcəyi masaların seçilməsi məsələsinə diqqət ayırması da diqqətimizdən qaçmadı.

Yerli istehsalçılar diqqət mərkəzində
Yerli istehsalçılar diqqət mərkəzində

Digər məqama gəlincə, əslində bunu yazımızın sonrakı mərhələsində qeyd etsək daha doğru olardı. Amma düşünürük ki, dəyərli oxucuları çox da intizarda saxlamayaq. Həmin məqam rayon rəhbərliyinin kiçik biznesin təmsilçiləri, yerli sahibkarlar, istehsalçılar üçün mümkün olan hər cür şəraitin yaradılmasına xüsusi diqqət ayrıması ilə bağlı idi. Hər halda ən azı festival çərçivəsində müşahidə etdiyimiz addımlar da bu qənaətin formalaşmasına təkan verdi.

Rayonun çörək istehsalçıları da festivala xüsusi hazırlaşmışdılar
Rayonun çörək istehsalçıları da festivala xüsusi hazırlaşmışdılar

Məsələ burasındadır ki, festival boyu masalara yaxınlaşan F.Qürbətovun öz məhsullarını gətirən insanlardan “vəziyyət necədir, məhsullarınızı sata bilirsinizmi” deyə soruşması, yaxud da bir az fəal görünməyən istehsalçılara “fəal olun, nə qədər imkan var məhsullarınızı satın, reklam edin. Baxın, Bakıdan da, digər şəhər və rayonlardan da qonaqlar dəvət etmişik. Hamısını sizin üçün etmişik ki, biznesinizə dəstək olaq” deməsi rayon rəhbərliyinin Biləsuvarda kiçik biznesin inkişafı, sahibkarlara lazımi şəraitin yaradılması üçün necə cəhdlər göstərdiyini sərgiləyirdi.

Məktəblilərin hazırladığı kreativ əl çantası jurnalistə qismət oldu

Dəstəkdən söz düşmüşkən, F.Qürbətov bəzi masalara yaxınlaşaraq maraqlı olan məhsulları, kreativ əl işlərini şəxsən özü pul verərək aldı. Məsələn, rayonun məktəblərindən birinin iki şagirdinin hazırladığı əl çantası başçının diqqətini cəlb etdi və tərəddüd etmədən pul verərək, onu məktəblilərdən aldı. Bu əl çantasının kreativliyi ondan ibarət idi ki, məktəblilər onu kompüterin xarab olmuş klavişlərindən hazırlamışdılar.

Məktəblilərin hazırladıqlar kreativ əl çantası İcra Hakimyyəti başçısının diqqətini çəkdi
Məktəblilərin hazırladıqlar kreativ əl çantası İcra Hakimyyəti başçısının diqqətini çəkdi

Onu da qeyd edək ki, bu, maraqlı, kreativ məhsulu F.Qürbətov alaraq jurnalist həmkarımız İlham Şabana hədiyyə etdi. İndi biz böyük məmuniyyətlə növbəti ildə keçiriləcək dördüncü “Hind toyuğu festivalı”nı gözləyirik. Heç şübhə yoxdur ki, bu dəfə F.Qürbətovun dəstəyindən güc alan məktəblilər gələn il daha bir, yaxud bir neçə kreativ məhsulla festivala qatılacaqlar. Eyni zamanda ümid edirik ki, həmin kreativ məhsulu da F.Qürbətov alacaq və kim bilir, bəlkə də alıb, bu dəfə də bizlərə hədiyyə edəcək.

Dövlət himni oxunarkən
Dövlət himni oxunarkən

Beləliklə, bu şən və yarızarafat, yarıgerçək fikirlər fonunda keçək festival barədə ümumi məlumata. Rayon İcra Hakimiyyətinə istinadən bildirək ki, Biləsuvar şəhər Mərkəzi Parkında Rayon İcra Hakimiyyətinin və “Azər Home Chef” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən sayca üçüncü “Hind toyuğu festivalı”nda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Mill Məclisin deputatı Bəhruz Məhərrəmov, yerli dövlət qurumlarının kollektivləri ilə yanaşı 10-a yaxın turizm şirkətləri, minə yaxın yerli və xarici turist, qonşu Salyan, Cəlilabad, Masallı, İmişli, Neftçala və digər rayonlardan beş yüzə yaxın qonaq iştirak edib: “O cümlədən festivalda 10 min nəfərə yaxın rayon sakini iştirak edib. Festivalda ən dadlı təamlar hazırlayan həvəskar aşpazlar münsiflər tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb”.

Bu festival artıq ənənə halını alıb

Festivalın açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirakçıları salamlayaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin, həmçinin 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini bütün ölkə ərazisində bərpa etməsinin önəminə toxundu: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar, o cümlədən Vətən müharibəsindəki tarixi Zəfər hər bir azərbaycanlını qürurlandırır. Bizlərə bu qələbəni bəxş edən cənab Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna minnətdarlıq edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərkən
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərkən

Çıxışında F.Qürbətov bu gözəl tədbirin Biləsuvar rayonunda keçirilməsinin artıq ənənə halını aldığını bildirdi. Natiq festivalın rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət kəsb etdiyini, həm də milli mətbəxin, adət-ənənələrin təbliğinə xidmət göstərdiyini qeyd etdi.

O da vurğulandı ki, festivalın keçirilməsi ideyası 44 günlük Vətən müharibəsi günlərində ortaya çıxıb. Həmin vaxt “Azəri Home Chef” cəmiyyətinin və “Turizmin və milli mətbəxin inkişafına dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə cəbhə bölgəsində yardımlar aparırmış. Adəti üzrə yardımların aparıldığı günlərinin birində Biləsuvarda baş tutan görüşdə belə bir təklif səslənib – Müharibə başa çatandan sonra Biləsvurda “Hind toyuğu festival” keçirək.

Bu festivalların birliyimizin daha da möhkəmlənməsi baxımından da önəmi var

Mərasimdə çıxış edən millət vəkili Bəhruz Məhərrəmov da öncə festival münasibətilə hər kəsi təbirk etdi. Millət vəkili qeyd etdi ki, buna sadəsə sıradan bir festival kimi yanaşmaq düzgün deyil: “Artıq üçüncü ildir ki, keçirilən bu festival Biləsuvarın və ümumilikdə bölgənin xalq yaradıcılığını, mədəniyyətini, ayır-ayrı icmaların təmsilçilərinin əl işlərinin sərgiləndiyi bir tədbir kimi insanlar arasında xüsusi rəğbətlə qarşılanır”.

Festivaldan xatirə fotosu: Soldan sağa - Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, jurnalistlər İlham Şaban və Nadir Azəri, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
Festivaldan xatirə fotosu: Soldan sağa – Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, jurnalistlər İlham Şaban və Nadir Azəri, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
Çıxışda vurğulandı ki, digər tərəfdən bu cür tədbirlərin, festivalların birliyimizin daha da möhkəmlənməsi baxımından da önəmi var: “Biz qalib ölkə, qalib xalq olaraq 44 günlük Vətən savaşında bütün dünyaya birlik, həmrəylik nümunəsi göstərdik. Xalq-Prezident-Ordu birliyi sayəsində tarixi Zəfər əldə etdik. Eyni zamanda bu ilin sentyabrında lokal xarakterli antiterror tədbiləri nəticəsində bütün ərazilərimizdə suverenliyimizi bərpa etdik. Bundan sonra da bizim birliyə, həmrəyliyə ehtiyacımız var. Hesab edirəm ki, bu kimi festivallar həmin birliyin daha da güclənməsi istiqamətində də atılmış bir addımdır”.Sonra söz sənət adamlarına verildi.

Onu da vurğulayaq ki, festival zamanı hind toyuğundan hazırlanmış onlarla müxtəlif çeşidli təamlar rayon sakinlərinə və qonaqlara təqdim olundu. Tədbir zamanı əl işlərindən hazırlanmış müxtəlif əşyalar, rəsm sərgisi nümayiş olundu, nərd və digər idman yarışları keçirildi.

Əslən Biləsuvar rayonundan olan sənətçi Əlikram Bayramov
Əslən Biləsuvar rayonundan olan sənətçi Əlikram Bayramov

Yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilərək şəhərin qonaqlarına təmiz və orqanik məhsullar təqdim olundu.

Kənd məhsullarından ibarət satış yarmarkası
Kənd məhsullarından ibarət satış yarmarkası

Yuxarıda da qeyd etdiyimiz kimi, festivalın bölgəni tamamilə əhatə etməsi üçün hər cür addım atılmışdı. Bunun nəticəsində də yerli istehsalçılarla yanaşı ətraf rayonlardan da kiçik biznes təmsilçiləri, istehsalçılar məhsullarını festivalda alıcılara təqdim edirdilər. Onlardan biri də Gülay Fərzullayev idi.

Bu, sapdan oyuncaqları hazırlayan Gülay Fərzullayevadır
Bu, sapdan oyuncaqları hazırlayan Gülay Fərzullayevadır

Lənkərandan olan G.Fərzullayeva BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qeyd etdi ki, artıq iki ildir parçadan oyuncaqlar (toxunma yolu ilə) və həsirdən müxtəlif məişət əşyaları hazırlayır: “Bizim bu oyuncaqlar təbii sapdan hazırlanır və heç bir allergik reaksiyası yoxdur. Ona görə valideynlərə tövsiyə edirik ki, bu oyuncaqlardan alsınlar. Qiymətlər də münasibdir. Yəni ölçüsündən aslı olaraq 10 manatdan 50 manatadək dəyişir”.

Asya Nəbiyevanın parçadan hazırladığı hind toyuğu fiquru maraqla qarşılanırdı
Asya Nəbiyevanın parçadan hazırladığı hind toyuğu fiquru maraqla qarşılanırdı

Biləsuvardan olan Asya Nəbiyeva isə BAYRAQDAR MEDİA-ya açıqlamasında dedi ki, artıq bir neçə ildir bu cür əl işləri hazırlayır. Bəlli oldu ki, müxtəlif materiallardan hazırlanan əl işlərinin satışını da təşkil edirlər. Həmçinin müxtəlif festival və əl işlərinin nümayiş etdirildiyi sərgilərdə də onun hazırladığı əl işləri sərgilənir, yaxud satış-yarmarkalarda alıcılara təqdim edilir.

Festivala çıxarılan əl işləri içərisində tarixi Zəfərimizi simvolizə edən əl işləri xüsusilə diqqət mərkəzində idi
Festivala çıxarılan əl işləri içərisində tarixi Zəfərimizi simvolizə edən əl işləri xüsusilə diqqət mərkəzində idi

Asya xanım dedi ki, bu festivala da əliboş gəlməyib. Belə ki, bu festivala özəl olaraq parçadan hazırlanmış hind toyuğu fiquru hazırlayıb.

Zənbil-içindəkiləri ancaq sən bil

Söhbət etdiyimiz leyne co icmasının üzvü Rəna Əzimzadə isə dedi ki, həm özü, həm də icma üzvləri həsirdən müxtəlif əşyalar, o cümlədən qadınlar üçün əl çantaları hazırlayır: “Cənub bölgəsinə xas olan həsirçiliyi yaşadaraq ənənəvi zənbilləri hazırlayırıq. Bu məhsulları yerli və xarici alıcılara leyne.co brendi ilə təqdim edirik”.

Rəna Əzimzadə deyir ki, zənbil "sən bil" deməkdir
Rəna Əzimzadə deyir ki, zənbil “sən bil” deməkdir
Həmsöbətimiz zənbillə bağlı maraqlı bir məlumat da verdi: “Mən zənbili ilk olaraq heç də təsadüfən qeyd etmədim. Zənbil bizə qədimlərdən, nənə-babalarımızdan qalan bir məişət əşyasıdr. Xüsusilə Masallı, Lənkəran və Astarada həsir zənbillər qədimdən əvəzsiz məişət əşyası sayılıb. Soyuducu olmayanda insanlar bütün qidalarını həsir zənbildə saxlayırdılar. Çünki bu cür zənbillər qidanın keyfiyyətini pozmadan saxlaya bilir”.

Rayon sakinlərinin festival çərçivəsində istirahəti üçün də hər cür şərait yaradılmışdı
Rayon sakinlərinin festival çərçivəsində istirahəti üçün də hər cür şərait yaradılmışdı

Qeyd edildi ki, zənbil sözünün mənası da maraqlıdr: “Bu, əslində sənbil deməkdir. Həsirdən hazırlanmış zənbildə nəyin olduğunu ancaq onu sən bil, başqası bilməsin, görməsin”.

 

Həyətində bambuk yetişdirən və bambukdan məhsullar istehsal edən Lənkəran sakini Eynulla Calalov

Bununla bağlı məlumat verən həmsöhbətimiz dedi ki, bambuk onun öz həyətində də bitir: “30 ilə yaxındır ki, bambuk yetişdiririk. 15 ilə yaxındır ki, bambukdan məhsullar istehsal edirik. Ölkənin müxtəlif yerərində satış-yarmarka və sərgilərədə iştirak etmişik.”

Ştutqartdan Biləsuvara

Festivalda, həmçinin yerli və xarici turistlər də çox idi. Onlardan biri Almaniyanın Ştutqart şəhərində yaşayan həmyerlimiz Şirin Rəhmanovadan də təəssüratlarını soruşuq. 2008-ci ildən Ştutqartda yaşayan soydaşımız Azərbaycanda keçirilən bu cür festivalların xaricdə də maraqla izləndiyini dedi: “Mən də bu festival barədə sosial şəbəkələrdən xəbər tutdum. Biz bura Masallıya, Cəlilabada qohumlarımıza qonaq gəlmişdik. Onları da götürüb festivala gəldim”.

Ştutqartda yaşayan soydaşımız Şirin Rəhmanova (sağda)
Ştutqartda yaşayan soydaşımız Şirin Rəhmanova (sağda)

Qeyd edildi ki, hər şey çox gözəldir: “Festivalın təşkilatçılığına söz ola bilməz. Bir azərbaycanlı kimi fəxr edirəm ki, bizim bölgələrimiz də inkişaf edir və bu cür, Avropada da xüsusi marağa səbəb ola festivallara ev sahibliyi edir. Fürsətdən istifadə edib təşkilatçılara bu gözəl tədbir üçün minnətdarlıq etmək istəyirəm”.

“Azəri Home Chef” cəmiyyətinin və “Turizmin və milli mətbəxin inkişafına dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə (ortada) qalibləri mükafatlandırarkən
“Azəri Home Chef” cəmiyyətinin və “Turizmin və milli mətbəxin inkişafına dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə (ortada) qalibləri mükafatlandırarkən

Beləliklə, günə yekun vururuq. Festival boyu respublikanın və rayonun musiqiçiləri tərəfindən hazırlanmış geniş konsert proqramı iştirakçılara gözəl bir gün yaşadır. Sonda isə möhtəşəm atəşfəşanlıqla hər kəs bizim kimi, (həmkarlarım İlham Şaban, Vüqar Vüqarlı və mən) “gələn il yenə də gələrik” diləyi ilə oradan ayrılır.

NADİR AZƏRİ, ƏMƏKDAR JURNALİST, 

“BAYRAQDAR MEDİA”, 27 Noyabr 2023

Related posts

Leave a Comment