Cəlilabadda “Vətən uğrunda ölərəm” kitabının təqdimatı olub

Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən müharibəsi şəhidi Əlikram Xanışovun “Vətən uğrunda ölərəm” kitabının təqdimat mərasimini keçirib.

 

“Regionpress.az” xəbər verir ki, rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan kitabın redaktoru və ön sözün müəllifi təşkilatın sədri, yazıçı- publisist Ədalət Salmandır.

Cəlilabad şəhər 3 saylı tam orta məktəbin geniş akt zalında təşkil edilmiş tədbirdə şəhid valideynləri, qazilər, Əmək və Müharibə veteranları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikram Xanışovun həyat və döyüş yolu haqqında danışıb, onun fitri istedad sahibi kimi erkən yaşlarından yaradıcılıqla məşğul oldugunu bildirib. Qeyd edib ki, öz kitabını nəşr etdirmək vətənpərvər ruhlu şeirlər yazan Əlikrama nəsib olmayıb. O, şəhidlik zirvəsinə ucalandan sonra onun bu arzusunu rayon Veteranlar Təşkilatı reallığa çevirib.

Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, hərbçi mayor Elşən Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Rəşidov, şəhidin döyüş yoldaşı Mirnatiq Cabbarlı, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Sakit İsayev, xeyriyyəçi sahibkar Rafiq Abışov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu, şəhid ailələrinə və qazilərə dövlətimizin göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar.
Şəhid Əlikram Xanışovun məktəblilərin ifasında səslənən şeirləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Tədbirin sonunda şəhidin anası Xoşqədəm Xanışova oğlunun arsusunu həyata keçirdiyinə və kitabın təqdimatını təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Sonda şəhid Əlikram Xanışovun “Vətən uğrunda ölərəm” adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub.
Xatırladaq ki, qəhrəman şəhidimiz Xanışov Əlikram Qabil oğlu Prezidentin sərəncamları ilə “Cəsur döyüşçü”‘, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Related posts

Leave a Comment