Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun polkovnik-leytenantı Orxan Əkbərovun anım günüdür.
“Regionpress.az” xəbər verir ki, anım günü münasibəti ilə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşları və Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin kollektivi tərəfindən qəhrəmanımızın əziz xatirəsi yad edilib.
Mədəniyyət işciləri şəhidin məzarı ziyarətində onun misilsiz sücayətlərindən söz açıb, doğmaları ilə görüşərək başsağlığı verib. Qeyd olunmuşdur ki, bu gün biz Müzəffər Ali Baş Komandanın qətiyyəti və şəhidlərimizin qəhrəmanlıqları hesabina torpaqlarımızın 30 ildən bəri davam edən təcavüzünə son qoyuldu. Artıq Xocalıda, Xankəndində də üçrəngli bayrağımızın dalğalanmasının əvəzsiz sevincini yaşayırıq.
Qeyd edək ki, Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci il Biləsuvar rayonunda ziyalı ailəsində anadan olub. 2020-ci ilin yanvar ayından şəhid olduğu tarixədək N saylı hərbi hissənin komandiri olan O.Əkbərov 2020-ci il sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv edib. O.Əkbərov 2020-ci ilin oktyabr ayının 2-də Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub, oktyabrın 6-da Biləsuvar şəhərində dəfn edilinb.
O.Əkbərov hərbidə qulluq etdiyi müddətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı təltif edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə O.Əkbərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı verilib.
Ailəli idi, iki övladı yadigar qalıb.
Allah rəhmət eləsin!