“Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstək məqsədilə Sumqayıt Dövlət Universitetində “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirildi. Bakı Politoloqlar Klubu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və universitetin təşkilatı dəstəyi ilə baş tutan konfransda ölkənin tanınmış ziyalıları, bu təhsil ocağının 450 nəfər professor-müəllim heyəti, tələbələri və ictimai fəallar iştirak edib.
“Regionpress.az” xəbər verir ki, konfrans öncəsi SDU-nun rektoru Rüfət Əzizov və qonaqlar universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov konfrans iştirakçılarını salamladı, mövzunun aktuallığına toxunaraq regionlarda bu istiqamətdə tədbirlərin əhəmiyyətini vurğuladı.
Rektor ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyini qeyd etdi və bu istiqamətdə universitetinin gələcək planları haqqında auditoriyanı məlumatlandırdı.
Layihənin rəhbəri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov rektor Rüfət Əzizova yaratdığı şəraitə görə təşəkkür edərək “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” layihəsinin məqsədləri haqqında danışdı, “Tarixi Azərbaycan torpaqlarına qayıdış – milli prioritetimizdir: Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda çıxış etdi. “Qərbi Azərbaycan: tarixi – siyasi aspektlər” adlı məqalələr toplusunu Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasına təqdim olunduğunu qeyd edib.
Milli Məclisin deputatı professor Musa Qasımlı “Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması” mövzusunda tədbir iştirakçıları qarşısında geniş nitqlə çıxış etdi.
Professor İrəvan və ətrafının, Zəngəzurun, Göyçənin necə və hansı vəziyyətdə ermənilərə verilməsi haqqında ətraflı danışdı.
Milli Məclisin deputatı professor Anar İsgəndərov “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası; Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyəti” mövzusunda çıxışında Ulu Öndərin Zəngəzurla və Naxçıvanla bağlı apardığı siyasətin mahiyyətindən bəhs etdi.
Milli Məclisin deputatı, iqtisad elmləri namizədi Emin Hacıyev “Qərbi Azərbaycana qayıdış milli prioritet kimi” mövzusunda çıxışı zamanı isə qayıdış prosesinə, Zəngəzur dəhlizinin əhəmiyyətinə toxundu.
Rəsmi çıxışçılardan sonra elmi – praktiki konfrans interaktiv formada davam etdi, alimlər, ziyalılar və gənc fəallar mövzu ilə bağlı öz fikirlərini bildirdilər.
Konfransda Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasəti ilə bağlı videoçarx nümayiş olunub.