Biləsuvarda məktəblilərlə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş olub.
“Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə növbəti görüş rayonun Xırmandalı kənd M.Abbasov adına 2 saylı tam orta məktəbində keçirilib.
Görüşdə çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən söz açıb. O, qeyd edib ki, gəncliyin zərərli vərdişlərdən uzaq olmasında cəmiyyətin bütün üzvləri birlik nümayiş etdirməsi daha effektli olar.
Sözügedən məktəbin direktoru Rəşad Əliyev sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkil almasına görə Biləsuvar RPŞ-in rəhbərliyinə minnətdarlığını ifadə edib.
Görüşdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri haqda görüş iştirakçılarına məlumat verilib. Şagirdlərimizin zərərli vərdişləri özündə əks etdirən rəsmləri sərgiləndi.
Sonda narkotiklərin fəsadlarından bəhs edən videoçarx izlənib. Biləsuvar RPŞ – in rəisi Nəsib Məmmədov şagirdlərin suallarını cavablandırıb.