İlaxır çərşənbə Təhsil Kompleksində coşquyla qeyd olunub 

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən İlaxır-Torpaq çərşənbəsi  Biləsuvarda Milli Qəhrəman  Mübariz İbrahimovun adını daşıyan Təhsil Kompleksində də kollektivin böyük coşqu və yüksək əhval ruhiyyəsi ilə qeyd olunub.

İstedadlı şagirdlərin ifasında biri-birindən maraqlı kompazisiyalarla təqdim olunan  bayram şənliyi bu dəfə  özəlliyi ilə yadda qalıb. Təhsil Kompleksinin icraçı direktoru    Aqşin Bağırov  şənlikdə çıxış edərək, bütün iştirakçılara ilaxır çərşənbə və Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularını bildirib. Hər kəsə cansağlığı, ailələrə bol ruzi-bərəkət arzulayıb. “Novruz bayramı böyük bir keçmişimiz, tariximiz və mədəniyyətimizdir.  Ümummilli Lider Heydər Əliyev dediyi kimi, “Necə ki, ötən nəsillər bu bayramı adətləri ilə yaşadıb, bizə təhvil vermişlər , bizlərin-müasir dövrün insanlarının da vəzifəsi  ondan ibarətdir ki, bu adətləri olduğu kimi gələcək nəsillərə çatdıraq” deyə, Aqşin müəllim  fikrinə əlavə edib.

Kompleksin bayramsayağı bəzədilmiş  geniş zalında yazın gəlişini ehtiva edən səməni, şirniyyat və şamlarla düzənlənmiş al-əlvan xonçalar göz oxşayır. Məktəbli aparıcıların təqdimatı ilə kosa və keçəl meydana daxil olur. Novruzun əsas personajlarının gülüş doğuran, qəlbləri riqqətə gətirən maraqlı səhnələri iştirakçıların sürəkli alqışları ilə qarşılanır. Kosa və Keçəlin müəllimləri ilə yumurta döyüşü tədbirə xoş ovqat qatır.

Sonra milli geyimli məktəblilər  qara zurnanın  sədaları altında məktəbin həyətində qlanan bayram tonqalının  ətrafına toplaşaraq  yallı gedirlər.  Bahar qızının gəlişi, Kosa ilə Keçəlin deyişməsi  şənliyə xüsusi ab-hava gətirir.

Qədəmlərin mübarək, ulu Novruz! Qoy bu Novruz həyatımıza , el-obamıza xoşbəxtlik, səadət, evlərə, ocaqlara bol ruzi, ölkəmizə sülh, əminamanlıq gətirsin.

 

Related posts